Hava sabah düzələcək, amma 1 günlük

07 Oktyabr, 2019 13:43 | Sosial | Baxış sayı: 97
Yazda küləkli hava
Yazda küləkli hava

Ayın 9-da külək yenə güclənəcək

Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın sözlərinə görə, ötən gün ərzində ölkə ərazisində havanın temperaturu çoxillik norma göstəricisindən 4,5 dərəcə yüksək olub."Oktyabrın 9-da gündüz saatlarından başlayaraq, Bakıda və Abşeron yarımadasında yenidən külək istiqamətini dəyişib şimal-qərb küləyi ilə əvəzlənəcək və güclənəcək".