Hava dəyişir, leysan, dolu və külək qayıdır XƏBƏRDARLIQ

07 Avqust, 2018 13:32 | Sosial | Baxış sayı: 415
Yağmurlu hava
Yağmurlu hava

Temperatur 5 dərəcə aşağı düşəcək

Hava yenidən dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-u gündüzdən 11-i axşamadək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq avqustun 12-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Sabah - avqustun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində avqustun 8-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 8-də Abşeron yarımadasında gündüz arabir güclənən xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.