6 yaşı tamam olan uşaqlar I sinfə müsabiqəsiz qəbul olacaq

07 İyul, 2018 15:53 | Sosial | Baxış sayı: 78
Birinci sinif
Birinci sinif

Bu dəyişiklik ilin sonuna kimi 6 yaşı bitəcək uşaqlara aiddir

"Növbəti tədris ilindən 6 yaşı tamam olan uşaqlar I sinfə müsabiqəsiz qəbul oluna biləcəklər". Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov  deyib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların I sinfə qəbul edilməsi ilə bağlıdır: "Bu, o demək deyil ki, bu yaşda olan uşaqların hamısı  kütləvi şəkildə I sinfə qəbul olunacaqlar. Yalnız valideyn istədikdə bu baş verəcək".

F.Qədirov bildirib ki, "Təhsil haqqında” qanununa edilmiş dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən, uşaqların I sinfə qəbulu sentyabrın 15-dək 6 yaşı taman olan zaman aparılıb. Sentyabrın 15-dən dekabrın 31-nə kimi 6 yaşı tamam olan uşaqların I sinfə qəbulu müsabiqə yolu ilə aparılıb.