Əli Əhmədovdan pulsuz tibbi xidmət açıqlaması

07 May, 2019 14:35 | Sosial | Baxış sayı: 83
Baş nazirin müavini Əli Əhmədov
Baş nazirin müavini Əli Əhmədov

"Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz"

"Gələn ilin yanvarından Azərbaycanda hər kəsə ölkə miqyasında icbari tibbi sığorta xidməti göstəriləcək".

İstiPress-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, hazırda icbari tibbi sığorta barədə işlər aparılır: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibinə keçən xəstəxanaların hazır vəziyyətə gətirilməsi üçün işlər aparılır və hüquqi normativ sənədlər hazırlanır. Vətəndaşlara müxtəlif kateqoriyalar üzrə xidmət göstərilməsinin maliyyələşməsi ilə bağlı formalar fərqli olacaq. Təbii ki, pensiyaçılar, əlillər dövlət tərəfindən sığortalanacaq".

Baş nazirin müavini deyib ki, digər kateqoriyadan olan əhali isə icbari tibbi sığorta haqqını ödəməklə xidmətdən faydalanacaqlar: "Burada muzdlu işçilər üçün bir qayda nəzərdə tutulub. Onların əməkhaqqından, işə götürənin isə qazancından müəyyən faizlərin Dövlət Agentliyinə ödənilməsi nəzərdə tutulur. Muzdlu əməklə məşğul olmayanlar üçün müəyyən bir məbləğ müəyyənləşəcək. Bu ödəniş də o qədər böyük deyil".

Əli Əhmədov dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanlardan da danışıb: "Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər həmin dərman vasitələri ilə təmin oluna bilərlər".

O bildirib ki, dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına uyğun tutulur.

Ə.Əhmədov əlavə edib ki, hər il əhalinin müxtəlif təbəqələri üçün dövlət tərəfindən pulsuz formada dərmanlar verilir: "Bu xəstələrin siyahısını xəstəxanalar müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Bu siyahı əsasında həmin dərmanlar istifadəçilərə çatdırılır. Əgər kiminsə adı həmin siyahıda yoxdursa bu artıq ayrı məsələdir".

Onun sözlərinə görə, həmin şəxsin siyahıya salınması üçün əsasları və xəstəliyi ilə bağlı göstəriciləri olmalıdır: "Konkret faktlar varsa ki, hansısa yerdə kiməsə dərman çatmayıb, bunu ayrıca araşdırmaq lazımdır. Bütövlükdə Azərbaycan dövləti xəstə insanları pulsuz dərmanlarla təmin etmək üçün böyük məbləğdə vəsait ayırır. Bu vəsait də ünvanlı xərclənir, yəni ehtiyacı olan insanlara dərman verilməsi nəzərdə tutulur".