Birinci sinifə qəbul başlayır TARİX

07 Mart, 2020 16:05 | Sosial | Baxış sayı: 610
Birinci sinif
Birinci sinif

Gələn həftədən valideynlər ərizə blankını çap etməlidirlər

Birinci siniflərə qeydiyyat başlayır. İstiPress-in məlumatına görə, 2020-2021-ci təhsil ilində bütün ümumtəhsil məktəblərinin birinci siniflərinə elektron formatda qəbul aparılacaq. Elektron qeydiyyat bu il martın 10-dan başlayacaq. 

Belə ki, hazırlıq qruplarına elektron qeydiyyatdan keçərək Azərbaycan bölmələrinin məktəbəqədərki qruplarında təhsil alan uşaqlar avtomatik şəkildə birinci siniflərə salınacaqlar. Bu uşaqların valideynləri və ya qanuni nümayəndələri martın 10-dan etibarən şəxsi elektron kabinetlərindən (mektebeqebul.edu.az) ərizə blankını çap etdirib övladlarının hazırlıq gördükləri məktəbə təqdim etməlidirlər.

“Ümumi təhsil haqqında” qanuna görə tədrisin qeyri dildə aparıldığı bölmələrin birinci sinfinə qəbul olunan uşaqlar həmin dildə nitq qabiliyyətini yoxlamaq üçün müsahibədən keçirlər. Belə müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsil qurumlarında üç müəllimdən ibarət komissiyalar tərəfindən aparılıb. 

Bütövlükdə bu il ölkədəki 5 yaşlı uşaqların 80 faizi, yəni 100 mindən artığı məktəbəqədər hazırlıq qruplarına cəlb olunub. Belə qruplarda hazırlıq keçməyən uşaqların valideynləri mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir, martın 13-dən etibarən isə istədikləri məktəbi və müəllimi seçə biləcəklər.

Məktəbəqədər hazırlıq keçməyən uşaqların qeyri dildə tədrisə qəbul edilməsi həmin dildəki nitq qabiliyyətinin yoxlandığı müsahibənin nəticələrinə görə aparılır. Belə uşaqlar üçün müsahibələr aprelin 1-dən başlayacaq.

Məlum olduğu kimi, Bakıda bəzi valideynlər övladlarını yaşayış yerindən aralıdakı məktəbə düzəltməyə çalışırlar. Belə valideynlər bilməlidir ki, məktəbə qəbul zamanı yaxınlıqda yaşayan (rəsmi qeydiyyata əsasən), valideynlərindən birinin məktəbdə işlədiyi, qardaşı və ya bacısı məktəbdə oxuyan uşaqlara üstünlük verilir. Məktəbdən uzaqda yaşayan uşaq bu şərtlərin heç birinə uyğun gəlmirsə, adı ehtiyat siyahısına salınır. Bu siyahıda adı birinci olaraq qeyd olunmuş uşağın məktəbdə boş yer açıldıqda oraya qəbul olunmaq üçün daha çox şansı var.