Dağ kəndində böyük faciənin qarşısı alındı

07 Fevral, 2020 18:20 | Sosial | Baxış sayı: 200

Sakinlərə hökumətin xəttilə yanan evdən də yaxşı evlər tikiləcək

Qubanın rayon mərkəzindən 75 km aralıda yerləşən Qarxun kəndində səhər saatlarından ot tayasından başlayan yanğın artıq söndürülüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, kənd sakini Babaşah Şəfiyevin həyətindəki ot tayasından başlayan yanğın az sonra yaşayış evlərinə də keçib.

Dərhal rayon mərkəzinə məlumat verilib. Xəbəri eşidən rayon İH başçısı Ziyəddin Əliyev keçirdiyi tədbiri yarımçıq qoyub, dərhal hadisə yerinə yollanıb. Rayon FHK sədri Allahverdi Xudaverdiyev də Qarxun kəndinə gəlib. Ucqar dağ kəndində evlərin təhlükədə olması xəbərini eşidən DTX-nin rayon şöbəsinin rəisi Eldəniz Bağıyev, rayon prokuroru Elman Süleymanov, rayon polis şöbəsinin rəisi Süleyman Nemətov da təcili olaraq Qarxun kəndinə yola düşüblər. Öz növbəsində FHN-nin şimal regional mərkəzinin əməkdaşları, Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi da alovun qarşısını almaq üçün kəndə gəlib. İcra başçısının FHN-nə təcili müraciəti əsasında nazirliyin aviasiya dəstəsinin 2 helikopteri də hadisə yerinə uçuş edib.

Nəzərə alsaq ki, yanğın başlayan Qarxun kəndi rayon mərkəzindən xeyli aralıdır və kəndə gələn yol çətin relyef şəraitində olan ərazidən keçir, yanğınsöndürən avtomobillər və rəsmilər Qarxun kəndinədək 2 saatdan çox məsafə qət ediblər.

Quba FHK sədri, İH başçısının 1-ci müavini Allahverdi Xudaverdiyev  məlumat verib ki, yanğın nəticəsində 3 yaşayış evi tamamilə yanıb. Ümumilikdə, 7 tövlə, 9 ot tayası yanıb kül olub.

Quba icra başçısı Ziyəddin Əliyev yanğınla bağlı İstiPress-in şimal bürosuna açıqlamasında ən əvvəl onu bildirib ki, yanğın nəticəsində sakinlərdən xəsarət alan yoxdur. Alovlanan tövlələrdəki mal-qara dərhal çölə çıxarılıb və heyvanlar zərər çəkməyib.

İcra başçısının sözlərinə görə, zərərçəkən sakinlərlə ətraflı söhbət aparılıb. Evi yanan sakinlərə hökumət xəttilə yanan evdən də yaxşı ev tikiləcəyini bildirilib: "Rayonun daxili imkanları hesabına qışın günündə mal-qarasının otu  yanan sakinlərə pul yardımı edilib. Bunu dərhal ona görə etdik ki, sakinlər mal-qaraları üçün quru ot ala bulsilər, heyvanlar acından tələf olmasın".

"Evi yanan 3 ailəyə yeni ev tikilməsi barədə artıq Nazirlər Kabinetinə, FHN-nə rəsmi məlumat verilib"deyən Quba İH başçısı Ziyəddin Əliyev onlara narahat olmamağı tövsiyyə edib. Evi yanan ailələrdən biri hələlik qohumlarının evində yerləşdirilib. Evi kül olan iki ailənin Hacıqabulda qışlaqda olduğu məlum olub.

Yanğının baş vermə səbəblərinə gəlincə, FHN-nin mütəxəssislərinin və rayon FHK-sının verəcəyi rəydən sonra məlum olacaq. İlkin olaraq havanın bərk  küləkli olması bildirilsə də elektrik qısa qapanmasından və ya siqaret kötüyündən baş verməsi ehtimalları da var. Araşdırma gedir.