Bakı Metropoliteni sərnişinlərə qolbaqlar payladı

06 Dekabr, 2018 16:42 | Sosial | Baxış sayı: 111
Bakı metrosu
Bakı metrosu

Məqsəd qaranlıq hava şəraitində piyadaları qəzadan qorumaqdır

"Bakı Metropoliteni" QSC "İşıq saç, özünə yol aç!" şüarı altında keçirdiyi daha bir sosial aksiyaya start verib.

İstiPress-in məlumatına görə, aksiyaya metronun "28 may" stansiyasından başlanıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qurumun xidmət şöbəsinin təşəbbüsü ilə təşkil edilmiş aksiyada məqsəd hər il dünyada milyonlarla piyada ölümünə səbəb olan qəzaların qarşısını almaq üçün dünya təcrübəsində istifadə olunan tədbirlərdən biri ilə Bakı metropoliteni sərnişinlərini də yaxından tanış etməkdir: "Budəfəki aksiyada onlara xüsusi işıq reflektorlu qolbaqlar təqdim edildi. Məqsəd qaranlıq hava şəraitində, axşam və gecə saatlarında yol hərəkətinin iştirakçısı olan insanların diqqətini bu kimi vasitələrdən istifadə etməyin əhəmiyyətinə çəkməkdir. Qaranlıq vaxtlarda, xüsusən yağmurlu havalar zamanı avtomobillərin şütüdüyü yollar daha təhlükəli xarakter alır. Çünki belə hallarda avtomobilin əyləc yolu iki dəfə, şaxtalı havalarda isə üç dəfəyə yaxın artır. Görmə dairəsinin daralmasını da nəzərə alsaq, yaxınvuran işıqlarla sürücü yalnız 40-50 metrdə yolu keçən sərnişini görə bilir. Bu isə qəzaya gətirib çıxaran əsas səbəbə çevrilir. Qəzaların qarşısını almaq üçün fərqli üsullardan istifadə olunsa da onlardan ən çox yayılanı işıq faktorudur. Bu üsul qaranlıqda hərəkət edən piyadaların sürücülər tərəfindən nəzərə çarpdırılması üçündür. Yaxınvuran işıqla 150, uzaqvuran işıqla 300 metrə qədər görmə məsafəsində yolu işıq reflektorlarından istifadə keçən piyadanı görmək mümkündür. Əvvəllər reflektorların yalnız fosforlu növü mövcud idi. Hazırda isə onlar müxtəlif üsul və texniki vasitələrlə hazırlanır. Eyni zamanda, onu bəzək əşyası kimi geyimdə də istifadə etmək mümkündür. Bu səbəbdən işıq saçan reflektorlar, qolbaqlar, boyunbağılar, flikerlər insan həyatının xilas mənbəyinə çevrilir".