Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ

06 Dekabr, 2017 12:34 | Sosial | Baxış sayı: 444
Sulu qar (arxiv)
Sulu qar (arxiv)

Havanın temperaturu aşağı enəcək, yağıntı intensiv olacaq

Bakıya sulu qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək

Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 7-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insalar üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, maksimal temperatur 5-8 dərəcə isti təşkil edəcək.