Yağış geri qayıdır - HAVA XƏBƏRDARLIĞI

06 Sentyabr, 2017 12:03 | Sosial | Baxış sayı: 845
Yağışlı hava
Yağışlı hava

Temperaturu 7 dərəcə aşağı enəcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Sentyabrın 7-da Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 22-25°, günün birinci yarısında 28-33°, axşam 24°-dək isti, Bakıda gecə 23-25°, günün birinci yarısında 31-33°, axşam 24°-dək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 7-si gündüzdən 8-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında səhər şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.