Mehriban Əliyeva: "Olimpiadanın Azərbaycanda təşkili təsadüfi deyil"

06 Avqust, 2019 09:48 | Sosial | Baxış sayı: 24
Mehriban Əliyeva
Mehriban Əliyeva

Birinci vitse-prezidenti informatika olimpiadasının iştirakçılarına müraciət ünvanlayıb

"Sizi – dünyanın müxtəlif guşələrindən Bakıya toplaşmış XXXI Beynəlxalq informatika olimpiadasının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza uğurlar arzu edirəm. Ümidvaram ki, olimpiada informatika sahəsində yeni istedadların üzə çıxarılması, gənclərin informatikaya marağının daha da güclənməsi və təmsilçi ölkələrin sıralarının genişlənməsi işinə öz töhfəsini verəcək". 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva XXXI Beynəlxalq informatika olimpiadasının iştirakçılarına müraciət ünvanlayıb. 

O, qeyd edib ki, informatika iqtisadiyyatda, elmdə və cəmiyyət həyatında böyük əhəmiyyətə malikdir. Dünya informasiya şəbəkəsinin yaradılması isə kompüter biliklərinin rolunu xeyli artırıb. 

"Hazırkı olimpiadanın Azərbaycanda təşkili təsadüfi deyildir. Belə ki, informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan ölkəmizdə məktəblilər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadır. Məktəblilərimiz beynəlxalq olimpiadalarda öz müvəffəqiyyətlərinin davamlı inkişafına nail olaraq, son illər ərzində ümumilikdə yüz altmış medal qazanmışlar.

Bu olimpiada günlərində siz, eyni zamanda, Azərbaycanın keçmişi, bu günü və zəngin tarixi-mədəni dəyərləri ilə yaxından tanış olmaq, eləcə də yeni-yeni dostlar tapmaq imkanı əldə edəcəksiniz. Olimpiadanın uzun illər hər birinizin yaddaşında xoş xatirə kimi qalacağına əminəm".