Azərbaycanda prestijli özəl litsey müəmmalı şəkildə bağlandı

06 İyul, 2018 14:59 | Sosial | Baxış sayı: 205

Ötən gün “İstək” litseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib. IstiPress bildirir ki, иu məlumatı Təhsil Nazirliyi yayıb.

Müraciətdə “İstək” litseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.

Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən “İstək” litseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

Təhsil Nazirliyi “İstək” litseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırır ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

“İstək” litseyinin adı ötən ilin noyabrında Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində çəkilmişdi. Həmin sammitdə litseyin 9-cu sinif şagirdi Reyhan Camalovanın yağışdan elektrik enerjisi əldə etmək üçün hazırladığı qurğu-modelin layihəsi nümayiş etdirilmişdi və şagirdə ABŞ prezidenti Donald Trampın qızı İvanka tərəfindən mükafat verilmişdi.

Əvvəllər adı “Dədə Qorqud” olan “İstək” litseyi əvvəllər Fətullah Gülən təriqətinin təhsil müəssisələri şəbəkəsinə daxil olub. Lakin Türkiyədə fətullahçılara qarşı genişmiqyaslı mübarizənin başlanmasından sonra Azərbaycanda da bu təriqətin məktəblərinin, o cümlədən ali təhsil müəssisələrinin mülkiyyətçisi dəyişdi. İndi isə litsey ümumiyyətlə fəaliyyətini dayandırıb. Azərbaycanda cəmi 12 "İstək" litseyinin fəaliyyət göstərdiyi məlumdur.