Zəlzələnin zərər vurduğu məktəblər

06 İyun, 2018 14:46 | Sosial | Baxış sayı: 111
Zaqatalada Əliabad orta məktəbi
Zaqatalada Əliabad orta məktəbi

31 nəfər xəstəxanaya müraciət edib, 1 nəfər ölüb

 Zaqatala rayonunda baş verən zəlzələ nəticəsində regionda bir neçə ümumi təhsil müəssisəsinə kiçik zərələr dəyib.

İstiPres-in məlumatına görə, Təhsil Nazirliyi bildirib ki, bir neçə məktəbin divarında xırda çatlar əmələ gəlib: "Aşağı Tala kənd 3 və 5 nömrəli tam orta, Bəhmətli kənd tam orta və Əliabad qəsəbə 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərində xırda çatlar əmələ gəlib". 

Amma məlumata görə, baş vermiş təbii fəlakət tədris prosesinə mane olmayıb, bütün məktəblərdə dərslər davam etdirilir. Şagirdlər təlimatlandırılıb, əgər zəlzələ təkrarlanarsa, nə etməli olduqları barədə məlumatlandırılıblar.

Qonşu Qax rayonunda isə zəlzələ bir neçə məktəbə ziyan dəyib. Təhsil Nazirliyindən  verilən məlumata görə, zəlzələMarsan kənd tam orta məktəbinə daha çox zərər yetirib: “Belə ki məktəbin binasında əvvəlki zəlzələdə də iri çatlar əmələ gəldiyindən tədris prosesində binanın bir hissəsindən istifadə olunmurdu. İndi digər hissələrdə də daha dərin çatlar əmələ gəlib”.

Rayonun Qaxbaş kənd 1 nömrəli tam orta, Fıstıqlı, Qaradolaq, Çinarlı kənd ümumi orta məktəblərində və Uşaq Gənclər İnkişaf Mərkəzinin binasının divarlarında xırda çatlar əmələ gəlib. Adı çəkilən bütün müəssisələrdə dərs prosesi davam edir. 

Qeyd edək ki, iyunun 5-də episentri Zaqatala rayonu olan zəlzələ 28 saniyə davam edib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin məlumatında qeyd olunur ki, zəlzələ yerli vaxtla saat 22.40-da Zaqatala stansiyasından 16 km cənubda - Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Zəlzələnin davam etmə müddəti 28 saniyə olub.

Zəlzələ nəticəsində bəzi evlərə ziyan dəyib. 31 nəfər xəstəxanalara müraciət edib. Zaqatala rayonunda bir nəfər insult keçirərək ölüb.