Hava dəyişir, yağış, leysan və külək qayıdır XƏBƏRDARLIQ

06 İyun, 2018 13:43 | Sosial | Baxış sayı: 482
Hava
Hava

Temperaturu 5 dərəcə aşağı enəcək

Hava yenidən soyuyur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 7-si axşamdan 9-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

İyunun 9-da gecə və səhər  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

İyunun 7-si gündüz şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 11-dək davam edəcək.