Amerikalı ekspert: "COVID-19 təbii yolla dəyişib"

06 May, 2020 14:58 | Sosial | Baxış sayı: 114
Koronavirus
Koronavirus

Antoni Fauçi “National Geographic”ə bildirib

Mövcud elmi tədqiqatlara əsasən, yeni koronavirus (COVID-19) insan tərəfindən hər hansı müdaxilə olmadan, təbiətdə dəyişikliklərə uğrayıb.

İstiPress-in məlumatına görə, bu barədə ABŞ Milli Allerji və Yoluxucu Xəstəlikləri İnstitutunun (NİAİD) direktoru, tanınmış mütəxəssis Antoni Fauçi “National Geographic”ə müsahibəsində bildirib.

Ekspertin dediyinə görə, ilkin olaraq yalnız yarasaları yoluxduran koronavirus sonradan təkamül keçirərək başqa canlı növlərə də təsir etməyə başlayıb. Belə ki, mövcud elmi məxəzlər “bu xəstəliyin süni və ya məqsədli şəkildə idarə oluna bilməyəcəyini çox inandırıcı şəkildə ortaya çıxarır”.

Çində yeni koronavirusun əvvəlcə təbiətdən laboratoriyaya gətirilərək daha sonra kiminsə səhlənkarlığı ucbatından qırağa çıxıb yayılmasına dair fərziyyəyə gəlincə amerikalı ekspert belə bir ehtimal ətrafında söhbət açmağı belə lüzumsuz hesab edib.

A.Fauçi eyni zamanda, bu ilin payız – qış mövsümü ABŞ-da yeni koronavirusun ikinci dalğasının baş verə biləcəyi barədə narahatlığını bildirib: “Bu virusun sadəcə yox olacağı ehtimalı olduğuna inanmıram. Yenə də qalacaq və yol verilsə, yenə yayılacaq”.

Xatırladaq ki, mayın 3-də ABŞ dövlət katibi Maykl Pompeo yeni koronavirusun Çinin Vuhan şəhərindəki laboratoriyadan yayılmağa başlamasına dair əllərində dəlilər olduğunu bildirmişdi.