Taksi sürücülərinə şad xəbər

06 Aprel, 2020 12:45 | Sosial | Baxış sayı: 399
Taksi
Taksi

Fərqlənmə nişanı almaq üçün başqa şəhərə getməyə ehtiyac qalmadı

Azərbaycanın regionlarında fəaliyyət göstərən taksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə biləcəklər. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

“Şəhərlərarası gediş-gəlişə məhdudiyyət qoyulduqdan sonra biz düşündük ki, taksi sürücülərinin işini asanlaşdıraq. Belə ki, bundan sonra onların bir şəhərdən digər şəhərə gedib DANX-ın regional mərkəzinə yaxınlaşmasına ehtiyac qalmır. Bundan sonra nazirliyin digər qurumu olan Azərpoçt artıq sənədləşmə prosesində iştirak edir. Sürücülər Azərpoçtun hər regionda olan filialına yaxınlaşaraq fərqlənmə nişanını əldə edə bilərlər. Onlar bu sənədi əldə etdikdən sonra sürücü haqqında məlumat "icaze.e-gov.az" saytına yerləşdiriləcək”.

N.Allahyarova bildirib ki, bu günə kimi 201 taksi sürücüsü fərqlənmə nişanı əldə edib. Vəziyyətdən sui istifadə etmək istəyən şəxlərə fərqlənmə nişanı verilməyəcək. Son 6 ayda mütəmadi olaraq fərqlənmə nişanı alan taksi sürücülərinə üstünlük veriləcək.