Azərbaycanda daha 2 nəfər koronavirus qurbanı oldu

06 Aprel, 2020 08:46 | Sosial | Baxış sayı: 148
Koronavirus
Koronavirus

Ölənlərdən biri 1931, digəri isə 1956-cı il təvəllüdlüdür

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Xatırladaq ki, ötən gün Azərbaycanda daha 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.