Həkimlərimiz insana qol dərisindən dil düzəltdilər

06 Aprel, 2018 10:05 | Sosial | Baxış sayı: 175
Əməliyyat
Əməliyyat

Titandan xəstəyə çənə hazırlanıb

Azərbaycan həkimləri xəstənin dilaltı nahiyəsinə qoldan götürülmüş toxuma köçürüblər. Bu nadir əməliyyat Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında həyata keçirilib. ATU-dan İstiPress-ə verilən məlumata görə, mürəkkəb cərrahiyyə əməliyyatı uğurla icra olunub. Ağız boşluğunda və çənəsində şiş olan bir xəstədə şişlə yanaşı, çənənin bir qismi də götülürüb. Çənədən çıxarılan sümüyün əvəzinə isə titandan rekonstruktiv lövhə qoyulub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Üzçənə Cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudovun sözlərinə görə, bu xəstədə hələ 4 il qabaq çənəaltı tüpürcək vəzində şiş müşahidə olunub. Həmin vaxt pasiyentin çənəaltı tüpürcək vəzinin patohistoloji müayinəsi nəticəsində bədxassəli şiş olduğunu aşkarlanıb. Xəstə sonrakı müalicə üçün onkoloji müalicə müəssisəsinə göndərilib, lakin növbəti müayinələrə gəlməyib.

Həmin pasiyent 4 ildən sonra yenidən ATU Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Məlum olub ki, bu müddət ərzində xəstə özunu yaxşı hiss edib, heç bir problemi olmayıb: "Lakin dekabr ayında xəstə özü bizə müraciət etdi. Bəlli oldu ki, artıq əməliyyat yerində deyil, ağız boşluğunda da törəmə əmələ gəlib. Rentgenoloji və kliniki müayinə nəticəsində aşkarlanıb ki, bu törəmə çənə sümüyünə və dilaltı toxumalara da yayılıb".

Əməliyyat təxminən 6 saat davam edib. Nəticədə çənə sümüyü rezeksiya olunub, şiş götürülüb. Eyni zamanda, boyunda da böyümüş limfa vəziləri olduğu üçün radikal boyun diseksiyası icra edilib. Əməliyyatın ikinci mərhələsində ağız boşluğundakı defekt önqol nahiyəsindən götürülmüş sərbəst ayaqcıqlı dilim vasitəsilə və mikrocərrahi texnikanın köməkliyi ilə damarlara anastomoz qoyularaq bərpa edilib. Bir həftə öncə icra edilən əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti yaxşıdır. Artıq yaraları sağaldığından, xəstə yaxın zamanda evə yazılacaq.