Zəlzələdə 1 nəfərin dili tutuldu, 1 kişinin beyninə qan sızdı

06 Fevral, 2019 09:48 | Sosial | Baxış sayı: 235
Təcili yardım maşını
Təcili yardım maşını

Güclü zəlzələlərdən sonra təcili yardıma 30 müraciət olub

Ötən gecə Şamaxıda baş verən zəlzələ ilə bağlı təcili yardıma 30 müraciət daxil olub. Səhiyyə nazirliyindən verilən məlumata görə, fevralın 5-dən 6-na keçən gecə Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışıb. Bölgədə 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb.

"Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib". 

Bundan başqa 1 nəfər cavan adamın həyacandan dili tutulub. Həmin şəxs də yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı bir şəxsin həyacandan beyninə qan sızıb və reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, ötən son bir sutkada ölkə ərazisində 6 zəlzələ qeydə alınıb. Onlar Lerik, Ağsu, İsmayıllı ərazilərində olublar. Bəzi təkanlar 5-6 bala kimi hiss ediliblər.