Güllələnib dənizə atılmış nakam şair yurdunda anılıb

06 Yanvar, 2019 15:39 | Sosial | Baxış sayı: 290
Xızıda Mikayıl Müşfiqin abidəsi önündə
Xızıda Mikayıl Müşfiqin abidəsi önündə

O məşum gündən illər ötsə də Azərbaycan oğlunu unutmur

Bu gün Xızıda gözəl məhəbbət şairimiz Mikayıl Müşfiq bir daha anılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, düz 81 il əvvəl  bu gün - 1938-ci il yanvar ayının 6-da 1937 repressiyasının günahsız qurbanı olan istedadlı şair Mikayıl Müşfiq 15 dəqiqəlik məhkəmə qərarı ilə güllələnərək Xəzər dənizinə atılıb. O məşum gündən illər ötsə də bu nakam Azərbaycan şairini sevənlər onun adına doğma yurdunda yığışmağı özlərinə borc bilirlər.

Bu gün Müşfiqin doğulduğu Xızının Sayadlar kəndindəki ev muzeyi yenə qonaq-qaralı idi. Əvvvəlcə anım mərasiminin iştirakçıları Mikayıl Müşfiqin büstünü ziyarət edib büstü önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan Xızı icra başçısının müavini Jalə Süleymanova dahi şairin balaca bir kənddən çıxıb bütün Azərbaycanın qəlbinə yer tapan yaradıcılığından danışıb. Mərasimin aparıcısı şairə Ofeliya Babayeva Müşfiqin faciəli taleyindən, onun qəlbləri titrədən şerlərindən danışıb. Bildirib ki,Müşfiq öz lirik şeiriyyatı ilə özünə ölməzlik qazandıra bilib.

Digər çıxış edənlər, Bakıdan gəlmiş diğər qonaqlar da ölməz Müşfiqlə bağlı ürək sözlərini danışıblar. Sonda rayonun Giləzi və Şurabad qəsəbə məktəblilərinin ifasında və nakam şairin "oxu, tar, səni kim unudar?" deyib haray çəkdiyi tarın müşayiətilə Müşfiqin şer və sözlərinə yazılmış mahnılar səslənib.

Xızıda Mikayıl Müşfiqin abidəsi önündə
Xızıda Mikayıl Müşfiqin abidəsi önündə