Sevgilisinin qucağında keçinmiş məhəbbət şairi

06 Yanvar, 2018 17:42 | Sosial | Baxış sayı: 629
Mikayıl Müşfiq xanımı Dilbər Axundzadə ilə
Mikayıl Müşfiq xanımı Dilbər Axundzadə ilə

Nakam şairimizin öldürülməsinin il dönümü

Bu gün nakam məhəbbət şairi, Turan yolçusu və Azərbaycan aşiqi, 1937-1938-ci illərdə repressiya qurbanı olmuş Mikayıl Müşfiqin Nargin adasında güllələnərək Xəzərə atılmasının növbəti ildönümüdür. Düz 80 il bundan qabaq şeirimizin Müşfiqi sevdiyi Azərbaycanın qucağına, sevgilisi Xəzərin sularına və bütün dünya azərbaycanlılarının ürəyinə qərq oldu.   

İstiPress-in şimal bürosunun məlumatına görə, bu münasibətlə onun doğulduğu Xızı rayonunda xatirəsi ehtiramla anılıb.

Müşfiqin doğma kəndi Sayadlarda onun xatirəsinə inşa edilmiş xatirə muzeyinə bu gün xeyli Müşfiqsevər yığışıb. "Oxu, tar", “Yenə o bağ olaydı" kimi  məşhur, ürəkləri titrədən həzin şerlərin müəllifi onu sevənlərin dilində anılıb.

Tədbirə qatılan Mükayıl Müşfiqin yerliləri, Cabir Novruz Mədəniyyət Fondunun nümayəndələri, ziyalılar və alimlər Müşfiq yaradıcılığından ətraflı danışıblar. Tanınmış aktyor Azad Şükürovun apardığı tədbirdə çıxış edən Xızı icra başçısının müavini Azər Əlizadə, şairə Ofeliya Babayeva, professor Asif Rüstəmxanlı və digərləri Müşfiqin repressiya dövrünün qurbanı olub günahsiz qurban getməsindən, içi sevgi və yazıb yaratmaqla dolu olan gənc bir şair qəlbinin güclə susdurulmasından ətraflı söz açıb, xatirəsini hörmətlə anıblar.

Qeyd edək ki, bu il iyun ayının 5-də 110 yaşı tamam olacaq Mikayıl Müşfiqin doğma kəndindəki xatirə muzeyi 1988-1990-cı illərdə Müşfiqsevərlərdən olan mərhum polus polkovniki Əbülhəsən Əhmədovun, Tofiq Novruzovun maddi dəstəyilə inşa edilib və 2004-cü ildə Polad Bülbüloğlunun əmrilə bura xatirə muzeyi statusu verilib. Sumqayıt regional mədəniyyət və turizm idarəsinin Xızı rayonu üzrə nümayəndəsi Möhsüm Bağırov müzeydə Müşfiqə aid 43 qiymətli şəklin, əsərlərinin və adına toxunmuş xalça olduğunu dedi.

İstiPress olaraq Mikayıl Müşfiqin xatirə muzeyinin binasının bərbad olması barədə saytımızın 28 fevral və 26 avqust buraxılışlarında məlumat vermişdik. Mikayıl Müşfiqin xatirə muzeyinin rəhbəri Orxan Əzimov İstiPress-in şimal bürosuna məlumat verdi ki, bina bu ilin dekabr ayında Mədəniyyət və Turizm Nazirliyinin xəttilə təmir olunub. Xatirə muzeyinin həyətində Müşfiqin heykəltəraş Münəvvər Rzayevanın müəllifi olduğu abidə də qoyulub.

Oxucularının və onun sevənlərin hafizəsində məhəbbət şairi kimi qalan Mikayıl Müşfiqin 110 illik yubileyi bu ilin iyun ayında təntənəli şəkildə qeyd olunacaq. Tədbirlərin əsas hissəsi onun doğulduğu Xızı rayonunda keçiriləcək.