Bakı-Şamaxı magistralının açılış vaxtı bilindi

05 Noyabr, 2019 10:04 | Sosial | Baxış sayı: 47
Şamaxı magistralı
Şamaxı magistralı

İlin sonuna kimi yolun 16 km-lik hissəsi istifadəsinə veriləcək

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası yekunlaşmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yenidənqurma işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlıdır. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edir.

27.5 metr enində olan torpaq yatağının inşası işlərindən sonra, yol əsasının inşası işlərinə başlanılıb. Yol əsası 48 sm qalınlıqda 2 laydan ibarətdir. Yol əsası hazır olan hissələrdə yolun hərəkət hissəsinə və bərkidici zolağa 29 sm qalınlıqda 3 laydan ibarət asfalt-beton örtüyün döşənməsi işlərinə də həyata keçirilib. Beləliklə ümumilikdə yol geyimi 95 sm hündürlüyündədir.

Hazırda magistralın sözügedən hissəsində son tamamlanma işləri aparılır. 2019-cu ilin sonuna qədər magistralın 16 km-lik hissəsinin vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.