Azərbaycanda iki dövlət qurumu qarşı-qarşıya - FOTO

05 Sentyabr, 2017 14:12 | Sosial | Baxış sayı: 418
Qusar
Qusar

Məktəblər susuz qaldı

Yeni dərs ilinə 10 gündən də az vaxt qalır. Qusarın 6 şəhər məktəbi su olmadığından yeni dərs ilinə normal hazırlaşa bilmir. Çünki, bu il avqustun 8-dən rayon mərkəzindəki 6 məktəbə su verilişi rayon su idarəsi tərəfindən dayandırılıb. Qusar şəhərindəki şəhid Bəhruz Ağaverdiyev adına 1 saylı məktəbin direktori Arif Xəlilov deyir ki, bir aydır məktəbin ərazisinə su verilmədiyindən məktəbin bağçası yaman günə düşüb, ağac və güllər quruyub. Acınacaqlı vəziyyət məktəbin binasında da hökm sürür. Texniki işçilər su olmadığından sinif otaqlarında və binanın daxilində heç bir təmizlik - abadlıq işləri görə bilmirlər. İsti havada uzaq məsafələrdən su daşımaq da mümkün deyil.                  

Analoji vəziyyət rayonun 2, 3, 4, 5, 6 saylı şəhər məktəblərində də eynidir. Bu təhsil ocaqlarında da susuzluq isti günlərdə illərlə zəhmətlə becərilən ağac və gülləri qurudub, hər tərəf natəmiz hala düşüb.                        

Susuzluq probleminə əvvəlcə Azərsu SC-nin Qusar şöbəsinin rəisi Əlyar Saruxanovdan mövqe aldıq. Rəis bildirdi ki, bizə hökumətin xüsusi məktubu gəlib ki, büdcədən maliyyələşən bütün müəssisə və idarələrdə 1 iyun 2017-ci ilədək smartfon sayğac qoyulmalıdır. Çünki, şəhərin su-kanalizasiya xətti yenilənib. Sayğac vaxtında quraşdırılmadığına görə məktəblərə su verilişi dayandırılıb, sayğac qoyulan kimi suyun verilməsə bərpa olunacaq. Əlyar Saruxanov onu da bildirdi ki, sayğacların quraşdırılmasında idarəmiz köməklik göstərməyə hazırdır və müraciət olunan hallarda köməklik edirik.                        

Azərsu SC-nin mətbuat katibi Anar Cəbrayıllı da analoji cavabla sorğumuzu cavablandırdı. Bildirdi ki, Təhsil Nazirliyi bu məsələni həll etməlidir. Smart sayğaclar qoyulan kimi Qusar şəhərindəki məktəblərə su verilişi dərhal bərpa olunacaq. Qusar təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev də şəhər məktəblərində su sarıdan vəziyyətin dözülməz olduğunu dedi və bildirdi ki,bununla bağlı nazirliyin aidiyyatı qurumlarına məlumat verilib və hazırda məsələnin həlli istiqmətində iş aparılır.                        

Təhsil Nazirliyinin Xaçmazdakı 2 saylı ərazi maliyyə-hesablaşma mərkəzinin direktoru Şahin İsrafilov da məsələdən xəbərdar olduğunu dedi. Onun sözlərinə görə, məktəblərə smartfon su sayğaclarını Təchizat idarəsi qoymalıdır. Həmin idarə bölgənin Siyəzən, Şabran rayonlarında bu qəbilli problemləri həll edib və etməkdədir. Hazırda Qusar şəhərindəki məktəblərin də sayğac məsələsinin həllinə çalışılır.

Təhsil Nszirliyinin Təchizat idarəsinin rəisi Anar Axundov Qusar icra başçısının müavini Elman Mustafayevə söz verib ki, sentyabrın 15-dək bu problem həllini tapacaq. Görəsən, indiyəcən niyə tapmayıb? Yeri gəlmişkən qeyd edək ki, materialımızda susuzluğundan bəhs etdiyimiz Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 saylı məktəbin yenilənməsinin xərcini təchizat idarəsi yox, Qusar polis şöbəsinin Şahdağ bölməsinin rəisi olan, valideyn Səbuhi Rüstəmov çəkib. Yenilənən su xətti isə pas tutdu, texniki işçilərin əməyi yaşıl bağ-bağça isə bir sayğaca görə susuzluqdan qurudu...

Günahkar kimdir? Mən yazdım, hərə öz payını götürsün.                        

Aytəkin Alxaslı//İstiPress-in şimal bürosu