Güclü külək bir sıra fəsadlar törədib - FOTO

05 Avqust, 2019 15:18 | Sosial | Baxış sayı: 143

Ağaclaı, elektrik və rabitə dirəklərini aşırıb

Hazırda müşahidə olunan güclü külək paytaxtda 30 ağac və ağac budağını aşırıb.

İstiPress-in məlumatına görə, Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, hadisə paytaxtın müxtəlif rayonlarında qeydə alınıb. 

İki ağac avtomobilin üzərinə düşüb. İndiyə olan məlumata görə, xəsarət alan olmayıb. 

Aşan ağaclar ərazidən götürülür. İdarə gücləndirilmiş iş rejimində çalışır. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür. 

Güclü külək Bərdə rayonunda da bir sıra fəsadlara səbəb olub.

Bu gün səhər saatlarından başlayaraq əsən güclü külək bir neçə ağacı, elektrik və rabitə dirəyini aşırıb, naqillər qırılaraq sıradan çıxıb. Rayon mərkəzində və kəndlərdə elektrik naqillərinə ciddi ziyan dəyib. Nəticədə bir neçə kənd və rayon mərkəzində bəzi küçələrdə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. 

Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir. Bu istiqamətdə araşdırmalar davam etdirilir.