Ölməz məhəbbət şairini ananlar

05 İyun, 2018 19:50 | Sosial | Baxış sayı: 258
Mikayıl Müşfiqin abidəsi önündə mərasim
Mikayıl Müşfiqin abidəsi önündə mərasim

Ölməz məhəbbət şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi günüdür  bu gün.  Şairin doğulduğu Xızının Sayadlar kəndindəki xatirə muzeyi bu gün çox qonaq-qaralı idi. Ürəyində Müşfiq sevgisi olan hər kəs respublikanın hər bir guşəsindən Müşfiq ocağına təşrif buyurmuşdu. Yaşlı, cavan, müəlim, həkim, şair, məktəbli, kitabxanaçı, bir sözlə, Müşfiq fanatı olan hər kəs, müxtəlif peşə sahibi bu müqəddəs ocağa yığışmışdı. Gələn hər bir ziyarətçi də təzə tər -yay gülləri Msşfiqin büstünə düzməklə nakam şairə öz ehtiramlarını bildirirdilər. Elə biz də.

Büstün önündə təntənəli mərasim keçirilib. Müşfiq poeziyasının ürəkləri riqqətə gətirən misraları dilə gətirilib, şerlərinə yazılar mahnılar ifa edilib. Mərasimi F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Abşeron rayonundakı Mehdiabad qəsəbəsindəki 4 saylı tam orta məktəblə birgə hazırladığı "Mən şirin ləhcəli bir bülbüləm" adlı tədbiri iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Məktəblilərin ifa etdiyi Müşfiq şerləri, onun şerlərinə yazılmış mahnılar hər kəsə Müşfiqli günlərin, Müşfiq dünyasının kövrəkliyini, nakamlığını xatırladıb.

Mehdabaddan gəlmiş məktəblilər Müşfiqin abidəsi önündə
Mehdabaddan gəlmiş məktəblilər Müşfiqin abidəsi önündə

Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı  prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının bənzərsiz nümayəndələrindən olan Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi barədə imzaladığı sərəncamı iştirakçıların diqqətinə çatdırıb.
1977-ci ildən Xəzər sularında üzən "Mikayıl Müşfiq" gəmisinin müəyyən müddət kapitanı olmuş Sakit Məlikov bu gəmilə dünya okeanlarına çıxdığını, 5000 km-dən çox məsafə qət edərək Müşfiqi andığını degib. Məlikov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin adından "Müşfiq" gəmisinin rəsmini ölməz şairin xatirə muzeyinə təqdim edib.

Sonra yubiley tədbiri Xızı şəhərindəki Heydər Əliyev mərkəzində davam etdirilib. Xalq artisti Nurəddin Mehdixanlı Cabir Novruz mədəniyyət Fondunun təsis etdiyi Mikayıl Müşfiq mükafatının sahiblərini açıqlayıb. O, Mikayıl Müşfiq mükafatının M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevaya və yazıçı Anara verildiyini bildirib. Mehdixanlı Müffiqə həsr etdiyi şerini də itirakçılara ərmağan edib.

Mikayıl Müşfiq haqda mərhumların lent yazıları səsləndirilib. Müşfiq irsinin araşdırıcısı, mərhum Gülhüseyn Hüseynoğlununn çıxışından bir parça, mərhum xalq artisti Əlabbas Qədirovun ifasında Müşfiqin məşhur "Yenə o bağ olaydı" şeri tədbirə qatılanlar tərəfindən kövrək notlarla qarşılanıb. Gənc xanəndə Əli Mahmudov "Yenə o bağ olaydı" mahnısını özünəməxsus tərzdə tamaşaçılara çatdırıb.

Xalq artisti Zaur Rzayevin  ifasında"Oxu, tar" mahnısı da rəğbətlə dinlənilib. Tədbirdə Müşfiq yaradıcılığının orijinal üslubundan  ətraflı danıılıb.

Hüsniyə Mürvətova Müşfiqin çox sevdiyi Cəfər Cabbarlının "Ana"şerini xüsusi məharətlə ifa etməklə Xızı torpağının yetişdirdiyi bu iki dahinin ruhunu bir daha yad edib. Gənc xanəndə Mirələm Mirələmov və tarzən Möhlət Müslümovun çıxışı mərasimə xüsusi rəng qatıb. 

Aytəkin Alxaslı