Hansı müəllimlər yerdəyişmə edə bilməz? - Nazirlikdən açıqlama

05 İyun, 2018 12:49 | Sosial | Baxış sayı: 1565
Müəllimlər imtahanda
Müəllimlər imtahanda

Vakansiyalara baxmağın yolu da bilindi

"Cari ildə müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədi ilə keçirilən müsahibələrdə uğur qazanmış müəllimlərlə 2018-2019-cu tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq. Bununla əlaqədar həmin müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər".

İstiPress-in məlumatına görə, Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi ilə bağlı ən çox verilən sualları cavablandırıb. 

Nazirliyin məlumatına görə, mövcud qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumi təhsil müəssisələrinə dəyişdirilməsi məqsədilə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Bu proses bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi mərhələsində onların əvvəlki illərdə keçirilmiş diaqnostik qiymətləndirilmədə və yaxud işə qəbul imtahanlarında göstərdiyi nəticələr nəzərə alınacaq. Bu müsabiqə nəticəsində iş yerini dəyişmək imkanı əldə edən namizədlər təsdiq üçün zəruri sənədləri İnsan resursları mərkəzinə təqdim edəcəklər.

Nazirlik Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində işləyən müəllimlərin 2014-cü ildə keçirilmiş diaqnostik qiymətləndirilmə nəticələrinin sistemdə görünməməsinə də aydınlıq gətirib. Belə ki, namizəd elektron ərizəsində “Müsabiqə məlumatları” bölməsində verilmiş “qeyd” hissəsində 2014-cü ildə keçirilmiş diaqnostik qiymətləndirilmə iştirak etməsi ilə bağlı məlumatları (rayon, işlədiyi məktəb, imtahan fənni, bölmə, topladığı bal) daxil etməlidir.

Bundan başqa iş yerini dəyişmək hüququ qazanmış namizəd müəyyən olunmuş müddət ərzində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmək üçün müddət hər bir namizədin şəxsi səhifəsinə yerləşdiriləcək. Həmin müddət ərzində qeydiyyatdan keçməyən namizədin nəticəsi ləğv olunacaq və həmin namizəd əvvəlki iş yerində fəaliyyətini davam etdirə bilər.

Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər 2018-2019-cü tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

İmtahan verən müəllimlər
İmtahan verən müəllimlər

İyunun 4-dən müəllimlərin yerdəyişməsinə başlanılıb. Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. İş yerini dəyişmək istəyən müəllimlər miq.edu.az saytında onlayn qeydiyyatdan  keçməlidirlər.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.Yerdəyişmə prosesi iyunun 11-dək davam edəcək.

Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra  namizədlərin ərizələrində qeyd etdikləri vakant yerlərə yerləşdirilməsi zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.

Namizəd qeydiyyatdan keçdikdən sonra elektron ərizənin tələb olunan bölmələrinə şəxsi məlumatlarına əsasən məlumatları yerləşdirir. Məhz bundan sonra elektron ərizənin son bölməsində namizəd yalnız öz ixtisasına uyğun olaraq vakant yerlərə  baxaraq seçim edə bilər.