Ermənilərin yeni oğurluqlarının qarşısını alan alim

05 May, 2019 11:32 | Sosial | Baxış sayı: 176
Dilşad Bayramova mərasimdə
Dilşad Bayramova mərasimdə

Qubada Dilşad Bayramovanın yubileyi keçirildi

Ermənilər zaman-zaman təkcə ərazilərimizi deyil, mətbəximizi, meyvə adlarımızı da oğurlayıblar. Və bu hallara qarşı dövlətimiz, Milli Ordumuzla yanaşı, alimlərimiz də müntəzəm olaraq öz sözlərini deyiblər.

İstiPress-in şimal bürosunun məlumatına görə, ermənilərin oğurladığı meyvə adlarını özümüzə qaytaran tanınmış bioloq alim Dilşad Bayramova belə alimlərimizdəndir. Biologiya üzrə fəlsəfə doktoru Dilşad Bayramova ermənilərin Azərbaycanın meyvə genofonduna daxil olan nar və əriyin erməniləşdirilməsinin qarşısını alıb.

Dilşad Bayramova
Dilşad Bayramova

Mənfur qonşularımızın Azərbaycanın məşhur nar sortu olan"Gülöyşə"ni "Güloyşə Yerevani" və "Zəfərani" ərik sortumuzu isə"Zəfərani Yerevani" adlandırmaq istəyini Dilşad Bayramova yarımçıq qoyub və elmi dəlillərlə bu meyvə sortlarının Azərbaycanın qədim meyvə sortları olduğunu sübut edib.

Məhz Azərbaycanda meyvəçiliyin inkişafında xüsusi rolu olması nəzərə alınaraq Dilşad Bayramovanın Qubada 70 illik yubileyi təntənə ilə qeyd edilib. Quba İH-nin təşkilatçılığı ilə reallaşan tədbir bu vətənpərvər alimin 48 illik elmi fəaliyyətinə aydın nəzər salıb. Quba Mədəniyyət Mərkəzində keçirilən tədbirdə alimin dostları, ictimaiyyət nümayəndələri, Qubanın rəsmiləri, Milli EA-nın geniş tərkibli heyəti və müxtəlif bölgələrdən gəlmiş qonaqlar iştirak edib.

Əhliman Əmiraslanov - Milli Məclisin üzvü, EA-nın tibb və biologiya üzrə bölmə rəhbəri
Əhliman Əmiraslanov - Milli Məclisin üzvü, EA-nın tibb və biologiya üzrə bölmə rəhbəri

Quba icra başçısı Ziyəddin Əliyev, Milli Məclisin üzvü, EA-nın tibb və biologiya üzrə bölmə rəhbəri Əhliman Əmiraslanov və digərləri yubilyara ən xoş arzularını yetiriblər. Göstərilən diqqətə isə Dulşad Bayramova "Unudulmadığıma görə şadam. Diqqətiniz məni xeyli cavanlaşdırdı, mütəəssir oldum" sözlərilə cavab verib.