Məktəbli ehtiyatsızlıqdan yanaraq öldü

05 Aprel, 2020 14:59 | Sosial | Baxış sayı: 232
Xəstəxana
Xəstəxana

Evin həyətində qızınmaq üçün ocaq qalayırmış

Qubada ehtiyatsızlıq 8-ci sinif şagirdinin yanaraq ölməsinə səbəb olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə aprelin 4-ü axşam saat 17 radələrində Qımıl kəndində qeydə alınıb.

Kənd məktəbinin 8-ci sinif şagirdi Bəşir Çərkəs oğlu Musayev yaşadığl evin həyətində qızınmaq üçün ocaq qalayarkən yanacaq ehtiyatsızlıqdan üstünə dağılıb və gəncin bədəni alışıb.

Ocaqda yanmış uşaq dərhal Quba rayon mərkəzi xəstəxanasının təcili yardım avtomobili ilə Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Bakıdan təcili yardım briqadası ilə həkim mütəxəsssis dəvət olunub. Göstərilən yardımlara və tibbi müdaxilələrə baxmayaraq 1-ci və 2-ci ağır texniki yanıq xəsarətləri almış Bəşir Musayev bu gün xəstəxanada keçinib.

Quba rayon prokurorluğu faktın araşdırılmasına başlayıb. İlk əvvəl verilən məlumatda hadisənin intihara cəhd olduğu deyilsə də, ilkin araşdırma nəticəsində 2002-ci il təvəllüdlü məktəblinin odla ehtiyatsızlıq davranması  nəticəsində baş verdiyi məlum olub.

Araşdırmalar davam edir.