Bibiheybətdə sürüşən yoldakı son vəziyyət FOTO

05 Fevral, 2020 12:35 | Sosial | Baxış sayı: 81
Bibiheybətdə sürüşən yol
Bibiheybətdə sürüşən yol

Təmir işləri iyuna kimi bitməlidir

Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub ki, onlardan birinin yamacın aşağı hissəsində tikintisi yekunlaşmaq üzrədir. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınləqda monolit dəmir-beton tava inşa edilib. Hazırda ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir.

Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sisteminin yaradılması istiqamətində addımlar atılır. İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular da atılacaq.

Növbəti mərhələdə yamacın orta hissəsində də svay əsaslı istinad divarı inşa ediləcək. Bundan sonra yolda digər hərəkət zolaqların bərpası işləri görüləcək.

Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

Xatırladaq ki, ərazidəki yol ötən ilin noyabr ayında sürüşüb.