Məktəblərdə biznesə icazə veriləcək

04 Dekabr, 2018 12:44 | Sosial | Baxış sayı: 77
Yeni məktəb
Yeni məktəb

Əldə edilən gəlirlər hara istifadə ediləcək?

Azərbaycanda ümumi təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bu, yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb. 

Qanun layihəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün ümumi təhsil müəssisəsinin nəzdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər.

Ümumi təhsil müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu Qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.

Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə ümumi təhsil müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər.

Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malikdir.

Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.