Bakını tıxacdan qurtarmaq üçün daha bir yol

04 Oktyabr, 2019 10:35 | Sosial | Baxış sayı: 92
Yol təmiri
Yol təmiri

Şimal girişindən nəqliyyat axınına təsir edən yol yenilənir

Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Nəsimi rayonu Asif Məhərrəmov küçəsi əsaslı şəkildə yenidən qurulur.

Təmir işləri ilə əlaqədar oktyabrın 4-6-da Nəsimi rayonu ərazisindəki Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mikrorayon dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Əsaslı şəkildə yenidən qurulan Asif Məhərrəmov küçəsinin uzunluğu 1.1 km, eni isə ortalama 20 m təşkil edir (hər istiqamət üzrə 10 m).

Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.