Bakıda qorxulu mənzərə - yeni təmirdən çıxan yol çökdü FOTOLAR, YENİLƏNİB

04 Oktyabr, 2017 12:53 | Sosial | Baxış sayı: 366
Çökən yol
Çökən yol

Magistral yolun ortasında böyük çuxur yaranıb

Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökməyə səbəb kanalizasiya kollektorunun partlaması olub. "Azəravtoyol"dan İstiPress-ə verilən məlumata görə, dərhal hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub. Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından çırkab suları yol yatağını yuyub aparıb və yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.

"Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq.

Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər".

Saat 11:17

Bakıda yeni istifadəyə verilmiş yol çöküb. Çökmə Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində baş verib. 

Hadisə nəticəsində yolun düz ortasında nəhəng çuxur əmələ gəlib. Yaranan çuxura görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, ötən ilin iyun-sentyabr aylarında Qara Qarayev prospektində yenidənqurma və təmir işləri aparılıb.

Xatırladaq ki, son bir neçə gündə ölkə ərazisində müşahidə edilən yağmurlu hava fəsadsız ötüşməyib. Bir çox yolları su basıb, maşınlar, insanlar yollarda qalıblar. Ötən gün Yasamal rayonu ərazisindəki yollardan birində isə çökmə meydana gəlib. Çökmə Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində  olub. Nəticədə səhər saatlarında müəyyən qədər ərazidə sıxlıq müşahidə olunub.