Müəllimlərin maaşı nə qədər artacaq?

04 Sentyabr, 2019 13:40 | Sosial | Baxış sayı: 723
Manat
Manat

Artım qiymətləndirmədən keçən və vahid cədvəllə maaş alanlarda fərqli hesablanacaq

"Minimum əməkhaqqının əhatə etdiyi 950 min nəfərin içərisində təhsil işçiləri də var".  Təhsil nazirinin müavini İdris İsayev belə deyib. Onun sözlərinə görə, təhsil işçilərinin ödəniş sistemi iki qrupa bölünür: diaqnostik qiymətləndirmədən keçən və vahid tarif cədvəli ilə əməkhaqqı alanlar. Pedaqoji işçilərin 150 min nəfərini diaqnostik qiymətləndirmədən keçənlər, 100 min nəfərini vahid tarif cədvəli ilə əməkhaqqı alanlar təşkil edir. 

"Minimum əməkhaqqının artırılması haqqında sərəncam 260 minə yaxın təhsil işçisini əhatə edəcək. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı 20, vahid tarif cədvəli ilə maaş alanların orta əməkhaqqı 40 faiz artacaq". 

Nazir müavini deyib ki, ancaq peşə təhsili məktəblərində 5 minə yaxın müəllim çalışır. Onların 2 minə yaxını diaqnostik qiymətləndirmədən keçənlər, qalanlari isə vahid tarif cədvəli ilə əməkhaqqı alanlardır. Orta ixtisas məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində 15-16 min nəfərə yaxın pedaqoji heyət çalışır. Sərəncama əsasən onların da maaşları orta hesabla 50 faiz artacaq. "Bundan başqa Təhsil Nazirliyinin tabeliyində olan bir sıra qurumlar var və orada 2500 nəfərə yaxın təhsil işçisi çalışır ki, onların da əməkhaqqına 40 faiz artımlar ediləcək”.