Günün qəhrəmanları

04 Avqust, 2020 12:37 | Sosial | Baxış sayı: 319
Mübariz Zeynalov "Yeni klinika"da müalicə olunarkən
Mübariz Zeynalov "Yeni klinika"da müalicə olunarkən

Onlar həmişə qəhrəmandırlar

Çağrılmamış dəhşətli pandemiyanın ölkəmizə arzuolunmaz gəlişindən sonra hamı kimi mən də onları lap yaxından tanıdım. Demək olar ki, yaxşı tanıyırdım onları, indi bir daha tanıdım. Dəhşətli virusa qarşı inadla vuruşan həkimlərimizdən yazacağam.

28 mart 2020-ci il. Gecə saat 01.33. Bu gün DTX-nin bayramı olduğundan "WhatsApp"da bu peşə sahiblərinin günü ilə bağlı status paylaşdım. Dərhal Mübarizdən sorğu gəldi: "28 mart?" "Hə"deyəndən bir qədər sonra Mübarizin statusunda da DTX-nin ünvanına xoş paylaşım gördüm. Düzü, gecənin bu vaxtında həkim dostumun oyaq qalmasına çox təəccüb etdim. Çünki onu bu vaxt sosial şəbəkədə heç görməmişdim. Səhər tezdən gərgin iş rejimində çalışdığını yaxşı bilirdim. Qısası, DTX barədə öz müsbət fikirlərimizi bir-birimizlə bölüşəndən sonra, gecəyarısı - saat 02.56-da sağollaşdıq. Mübarizlə səhər yenə danışdıq. Özü barədə mənə heç nə deməsə də artıq şübhələnmişdim. Çünki həkimin adi vaxtlardan fərqli olaraq telefona tez cavab verməsi məni sevindirsə də nəsə narahatçılığım vardı. Martın 28-i axşam saatlarında Qusar sakinlərindən mənə xəbər gəldi ki, Mübariz həkim koronavirusa yoluxub və Bakıda xəstəxanadadır. Sən demə, səhv etməmişdim. Ürəyimə daman həqiqət imiş. Ağlıma gələn başıma gəldi. Dərhal Mübarizlə telefon əlaqəsi yaratdım və "eşitdiyin düzdür" dedi. Öyrəndim ki,martın 23-də özünü pis - halsız, yorğun hiss edən, virusa görə test verən Mübariz Zeynalovun martın 25-də cavabı pozitiv çıxıb. Dərhal TƏBİB-ə məlumat verilib və həkim Zeynalov paytaxtın Neftçilər xəstəxanasına yerləşdirilib. Yerləşdirilib deyəndə, Mübariz həkim o qədər pozitiv insandır ki, koronavirus testinin müsbət cavabını pozitiv qarşılayaraq özü gedib Bakıya və müalicəyə başlayıb.Dörd gün Neftçilər xəstəxanasında müalicə alan Zeynalov martın 29-da Bakıda yeni açılan "Yeni klinika"nın ilk pasiyentlərindən olub və aprelin 7-dək müalicəsini burada davam etdirib.

Mübariz Zeynalov və komandası Azərbaycan-Rusiya sərhədində
Mübariz Zeynalov və komandası Azərbaycan-Rusiya sərhədində

Müalicədən sonra bir müddət Qubada ev şəraitində təcriddə qalan Mübariz Zeynalovu yenidən iş başında gördük. Az sonra sorağı yenə Qusarın Azərbaycan-Rusiya sərhədindəki Samur keçid məntəqəsindən gəldi. Həkimin daha geniş, daha dəqiqi, bir dəqiqə belə danışmağa vaxtı yox idi. İki dövlət arasındakı sərhəd martın 18-dən pandemiyaya görə tam bağlandığından Rusiyadan geri dönən Azərbaycan vətəndaşları ölkəyə gəlişi zamanı sərhəddə ciddi şəkildə tibbi müayinədən keçirilirdilər. Bu, indi də davam edir. Bu gün də Rusiyadan 260 nəfər Azərbaycan vətəndaşı gətirilib. Onların ilk tibbi müayinəsi və koronavirus testindən keçirilməsi ilə TƏBiB-in Qusar rayon mərkəzi xəstəxanasının tibbi personalı məşğul olub.

Rusiyadan gələn vətəndaşlardan FHN-nin Samur keçidindəki qəbul-çeşidləmə məntəqəsində koronavirus testinin götürülməsi və ilkin müayinəsi isə TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Mübariz Zeynalova və onun tibbi personalına həvalə olunmuşdu. Mübariz həkim virusa yoluxana qədər də 3 dəfə sərhəddə olub. Özü etiraf eləməsə də mən yaxşı bilirəm ki, o koronavirusa Rusiyadan gələn vətəndaşların müayinəsi zamanı yoluxub, həyatını riskə ataraq, xəstələnəcəyini ağlına belə gətirmədən. İndi də hər həftənin ikinci günü yenə də öz tibbi heyətilə ölkəyə gələn vətəndaşlarımızın müayinəsi ilə məşğul olan Mübariz Zeynalov təkrar virusa yoluxacağından qəti ehtiyat etmir. Yenə iş başındadır.

Günün qəhrəmanı olan fədakar həkimlərimizin pozitiv nümayəndəsi Mübariz Zeynalov və tibbi komandası şimal bölgəsində tək deyil. Bölgədə Covid-19 xəstələri üçün regional xəstəxana martın 17-də Quba rayon mərkəzi xəstəxanasında fəaliyyətə başlayıb. Virus aşkarlanan Rusiyadan gələn Azərbaycan vətəndaşları və daxildə müəyyən edilən koronavirus xəstələri Quba pandemiya xəstəxanasına yerləşdirilir. Kollektivin 10 nəfərlik həkim heyəti daxil olmaqla 150 nəfərlik işçi personalı virusla mübarizəyə qoşulub. Bundan başqa, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon mərkəzi xəstəxanalarının həkim-tibb heyəti də növbəlilik əsasında Qubada işə cəlb ediliblər. TƏBİB-in Quba rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Əliyar Sərvərov təvazökarlıq edərək fəaliyyətiləri barədə çox danışmaq istəmədi. Deyir ki, biz insanları müalicə etməklə, onları həyata qaytarmaqla məşğuluq, bacardığımızı edirik ki, müalicə alan xəstələrimiz bizdən razı getsinlər: "Xəstələrin səhhətləri ilə əlaqədar özlərinin belə unutduğu ad günü sürprizləri zamanı yaşadıqları sevinc hissi, evə yola salınan xəstələrin "bundan sonra ikinci ad günümü qeyd edəcəm" demələri bu çətin vəziyyətdə ən böyük hədiyyəmiz oldu".

Qubada koronaviruslu xəstəyə ad günü sürprizi
Qubada koronaviruslu xəstəyə ad günü sürprizi

Quba pandemiya xəstəxanası yaxınlarının xəstələrlə mütəmadi olaraq əlaqə saxlaması üçün respublikanın pandemiya xəstəxanaları arasında ilkə imza atıb. Burada tətbiq edilən "Skype" proqramı barədə "The ıx Annual İnternational Scientific-Practical"Medicine Pressing Questions" jurnalının 6-8 may buraxılışında ətraflı məlumat verilib.

Quba rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Donara Əliyeva indi pandemiya xəstəxanasının baş infeksionistidir. Xüsusi karantin dövrü başlayandan sonra öyrəndim ki, Donara Əliyeva Quba İH başçısı Ziyəddin Əliyevin həyat yoldaşıdır. Ziyəddin Əliyevdən bu məlumatı dəqiqləşdirəndə başçı :"Düzdür, xanımım rayonun infeksionistidir. Amma burada qeyri-adi heç nə yoxdur. Həkim kimi o da koronavirus infeksiyasına qarşı kollektivlə birgə fasiləsiz çalışır",- dedi və hətta "son vaxtlar onun reytinqi məndən də çox qalxıb",- deyə Ziyəddin Əliyev əlavə etdi. TƏBİB-in Quba rəsmisi Əliyar Sərvərov da bildirib ki, Donara Əliyeva çox sadə həkimlərimizdən biridir. Qətiyyən özünü vəzifəli şəxsin həyat yoldaşı kimi aparmır, qoyulan tələb və qaydalara hamı kimi ciddi əməl edir.

Günün qəhrəmanlarının böyük bir heyəti də Xaçmaz rayon mərkəzi xəstəxanasında çalışır. İndiyədək 40 işçisi virusa yoluxan, bir tibb bacısı vəfat edən kollektivin üzərinə böyük yük düşür. Pandemiya dövründə TƏBİB-in şimal bölgəsi üzrə koordinatoru təyin edilən Xaçmaz rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Səyyaf Tağıyevin məlumatına görə, Azərbaycan-Rusiya sərhədindəki Samur keçid məntəqəsində Rusiyadan gələn Azərbaycan vətəndaşları tibbi müayinədən sonra Xaçmaz ərazisində karantinə yerləşdiriliblər: "Martın 14-dən aprelin 20-dək Rusiyadan gələn 1651 nəfər soydaşımız Nabrandakı istirahət mərkəzlərində karantinə alınıb. Bu müddətdə onların hər bir xahişini, arzusunu tibbi personal olaraq dərhal yerinə yetirmişik. Belə bir fakt deyim. Bir dəfə gecə saatlarında Nabranda karantində olan bir hamilə qadın bizdən hamiləlik geyimi istədi. Özü də qırmızı rəngdə. Səhər açılanadək hamilə gəlinin istəyini yerinə yetirdik. Elə bil ona dünyanı vermişdilər, çox sevinirdi. Biz də çətin durumda kiməsə yardım etməkdən qürur duyuruq, sevinirik". 

Xaçmaz rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsi
Xaçmaz rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsi

Yeri gəlmişkən, qeyd etməliyəm ki, Rusiyadan gələn Azərbaycan vətəndaşları arasında koronvirus olmayan, təcili müalicəyə ehtiyacı olan diğər xəstəliyi olan şəxslər də Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Pandemiya başlayandan həkimlərimizin reytinqi, xalq arasında hörməti çox qalxıb. İndi vəzifəsindən asılı olmayaraq hər kəs: icra başçısı da, polis rəisi də, mühəndis də, adi küçəsüpürən də həkimlərimizin gecə-gündüz çalışmalarının şahidi olduğundan həkimlərimizə dua edir, onları günün qəhrəmanları adlandırır. Can şirin şeydir axı... Çünki xəstəlik varlı-kasıb tanımadı, vəzifəli-vəzifəsiz tanımadı, var-dövlət, kasıbçılıq tanımadı. Virusa çoxu yoluxdu. Həkimlərə dua edən minlərlə vətəndaşımız Covid-19-dan qurtuldu. "Həkimlərimiz günün qəhrəmanlarıdır!" şüarı nəinki respublikamızı, bütün dünyanı bürüdü. Hippokrat andı içmiş bu peşə sahibləri Eskulapın, İbn-Sinanın davamçıları kimi Adəm övladlarını planetimizi bürümüş bu dəhşətli bəladan qurtarmağa çalışan insanlardır. Mən bu şüara bir qədər düzəliş etmək istəyirəm. Həkimləri həmişə günün qəhrəmanı saymışam. 2013-cü il aprel ayının 2-də güclü qripin ağırlaşmasından Qusar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə düşəndə və sağalıb çıxanda həkimləri qəhrəman saymışam. O vaxt müalicə həkimim olan-indi Quba pandemiya xəstəxanasına rəhbərlik edən Əliyar Sərvərov və TƏBİB-in Qusar rəsmisi Mübariz Zeynalov, o mehriban kollektiv olmasaydı, mən indi bu sətirləri yaza bilməyəcəkdim, təbii ki. Mənim nəzərimdə həkimlərimiz həmişə günün qəhrəmanlarıdır. Təkcə pandemiya dövründə yox. Bu gün şimal bölgəsində həyatlarını riskə ataraq koronaviruslu xəstələrin sayının artmaması, təhlükəli infeksiyanın kökünün kəsilməsi üçün həkimlərimiz var gücü ilə çalışırlar, iş başındadırlar. Mən təkcə TƏBİB-in şimal rayonlarındakı rəsmilərini nəzərdə tutmuram, baş direktorlardan tutmuş adi təmizlik işləri aparan xadiməyə, xəstə yanına tələsən təcili yardım sürücüsünə qədər - hər kəsi nəzərdə tuturam və onları günümüzün qəhrəmanları hesab edirəm.

Quba pandemiya xəstəxanasında indiyədək 1200-dən artıq xəstə sağalaraq evlərinə dönüb. Çox təəssüf ki, itkilərsiz ötüşmək mümkün olmayıb. Allah hamısına rəhmət eləsin, virusdan dünyasını dəyişən müxtəlif peşə sahibləri arasında tibb işçiləri də olub. Xızı rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Gəncəli Hacıyev də koronavirusun qurbanı olub. 52 yaşlı Gəncəli Hacıyevi indi xızılılar "insan adam idi"- deyərək hörmətlə anırlar, xatirəsini əziz tuturlar.

Günün qəhrəmanları olan bütün həkimlərimizə, asayişi yorulmadan qoruyan polislərimizə, bir sözlə, virusun yayılmaması üçün çalışan bütün xidmət sahələri əməkdaşlarımıza, təhlükəni dərk edib Operativ Qərargahın qoyduğu tələblərə əməl edən hər kəsə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, vətəndaşlarımızın bəziləri vaxtında infeksiyanın mövcudluğuna inansaydı, itkilərimiz daha az olardı. Çox təəssüf ki, hələ də aramızda inanmayanlara rast gəlirik. Çox istərdim və xahişimdir ki, barı bundan sonra koronavirusun nə qədər təhlükəli olduğuna inanaq və günün qəhrəmanları olan həkimlərimizin gecə-gündüz çalışıb özlərini fəda etmələrini qiymətləndirək, daha doğrusu, qiymətləndirməyi bacaraq.

Sonda sadə bir Azərbaycan vətəndaşı və jurnalist olaraq həkimlərimizlə bağlı məlum bir həqiqəti bildirməyi lazım bilirəm. Bu gün həkimlərimizin bir ilham mənbəyi var: Azərbaycan Prezidenti alicənab İlham Əliyev həkimlərimizin əməyini bütün dövrlərdə yüksək qiymətləndirib. Bu gün də belədir. Bu, bəlkə də, alicənab Prezidentimizin genetikasından irəli gəlir. Axı onun mərhum anası Zərifə xanım, ana babası, dayıları, hətta xanımı Birinci vitse-prezident Mehriban xanım da vaxtilə Hippokrat andı içiblər. Dövlət başçısının həkimləri ayaqüstə alqışlaması jesti, onların çox çətin əməyinə xüsusi qiymət verməsi tibb işçilərimizin infeksiyaya qarşı daha ürəkdən, daha həvəslə işləmələrinə mənəvi stimul yaradır. Maddi stimul da, təbii ki, öz yerində.

Aytəkin Alxaslı
Yazı "Nar" və TƏBİB-in bilikdə keçirdikləri "Günün qəhrəmanları" müsabiqəsinə təqdim olunur