Qaranlıq metroda halı pisləşənlərin sayı açıqlandı

04 İyul, 2018 12:44 | Sosial | Baxış sayı: 191
Təcili yardım
Təcili yardım

Bir gündə 2 133 adam təcili yardıma müraciət edib

Son günlərdə ölkədəki vəziyyət, isti hava ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejiminə çalışır. Səhiyyə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, iyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin xüsusi briqadaları Bakı metropoliten stansiyaların qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdirilib.

Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur.

Ötən gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) 103 xidmətinə ümumilikdə 2 133 müraciət daxil olub. Müraciət edənlərin 220-si stasionar şöbələrə yerləşdirilib. Bunların 10-u günvurma hadisəsi ilə bağlı olub, 9-u xəstəxanalara yerləşdirlib.

Yay mövsümü girdiyi müddətdən bu günə kimi günvurma diaqnozu ilə 62 müraciət daxil olub. Onlardan 46-sı kişi, 12-si qadın, 4-ü isə uşaqdır. İlansancma diaqnozu ilə 17 müraciət daxil olub. Ölüm faktı qeydə alınmayıb.