Selin dağıtdığı körpülər yeniləndi

04 İyun, 2020 12:52 | Sosial | Baxış sayı: 129
Körpü bərpadan sonra
Körpü bərpadan sonra

May ayının əvvəllərində Qubada güclü yağışlardan sonra  gələn selin dağıtdığı 3 körpü yenilənib.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun Xanəgah və Qam-Qam kəndlərindəki Cağacuqçay üzərindəki iki körpü yenilərilə əvəz olunub.

Xanəgah kəndi ərazisindəki-kəndi iki yerə ayıran körpünün yerində indi beton körpü qoyulub. Qam-Qam kəndindəki körpü isə əsaslı bərpa edilib. Şabrançayın Qubanın Çayüışlaq kəndi ərazisindəki körpü də beton körpü ilə əvəzlənib.

Hər 3 körpünün qoyulmasına birbaşa nəzarət edən Quba İH başçısı Ziyəddin Əliyev Çayqışlaq kəndindəki körpünün yenidən istifadə verilməsində iştirak edib.

Xüsusi karantin rejiminə görə kütləvi tədbirlər qadağan edildiyindən rayon rəhbərliyi çox az sayda insanla körpüyə baxış keçirib və sakinlərin bundan belə sel təhlükəsi yaşamayacağını deyib.

Xanəgah və Qam-Qam kəndlərindəki körpülər də artıq istifadəyə verilib. Hər 3 körpü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Quba İH-nin birgə gücü ilə yenilənib.