Sabah Bakının bu yolları bağlanacaq SİYAHI

04 May, 2019 11:43 | Sosial | Baxış sayı: 170
Bakı marafonu
Bakı marafonu

Heydər Əliyev Fondunun təşkilatçılığı “Küləyə qalib gəl” marafonu başlayır

Sabah “Küləyə qalib gəl” şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən “Bakı Marafonu-2019” keçiriləcək.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə mayın 5-də saat 10:00-dan 15:00-dək Dövlət Bayraq Meydanından başlayaraq, Dənizkənarı bulvar boyu, Milli park ərazisi ilə Azadlıq meydanı – Dəniz vağzalının yanı – Neftçilər prospekti – Ağ şəhər bulvar yolu ilə dairədən geriyə yürüş keçirməklə, Yusif Səfərov küçəsi – 10-cu zavod dairəsi – tunel – Ə.Qədirbəyov küçəsi - Heydər Əliyev Mərkəzi və əlavə yolla hərəkətin əks istiqamətində olaraq, Koroğlu metrosu istiqamətində - Asan Xidmət inzibati binası yanından sola - Böyük şor karxanası küçəsi - Xəlilrza Ulutürk küçəsi – tenel vasitəsi ilə Olimpiya Stadionu istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edilən ünvanlar üzrə hərəkət edən avtomobil sahibləri və sürücülərdən, tədbiri nəzərə alaraq, şəxsi avtomobillərdən az istifadə etmələri, alternativ yollarla hərəkət etmələri tövsiyə edilir.

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

“Bakı Marafonu-2019”un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2019”un xüsusi medalları ilə təltif ediləcək.