Bu adamlar SMS-siz evdən çıxa bilər

04 Aprel, 2020 08:44 | Sosial | Baxış sayı: 213
Mobil telefona gələn qısa mesaj
Mobil telefona gələn qısa mesaj

DİN-dən zibil atmağa çıxanlarla bağlı açıqlama

Daxili İşlər Nazirliyi (DİN) KİV nümayəndələrinin, o cümlədən fasiləsiz fəaliyyət göstərən qurumların əməkdaşlarının, habelə müvafiq icazə ilə hərəkət edən şəxslərin market və aptekə gedərkən SMS vasitəsilə icazə alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aşağıdakı şəxslərin 8103 nömrəsinə SMS-lə müraciət etməsi tələb edilmir:

“Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslər, həmçinin barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə vasitəsinə müraciət etməsinə ehtiyac yoxdur”.

DİN vətəndaşların maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması haqda yayılan məlumatlara münasibət bildirib. Vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur.

Ehsan Zahidov qeyd edib ki, məişət tullantılarını atarkən icazə almaq lazım deyil: "Evdən çıxmağa görə icazə ən yaxındakı marketə getməyə də aiddir və iki saat ərzində geri qayıtmalıdırlar. Amma zibil atmağa gedərkən icazə almağa ehtiyac yoxdur. Vətəndaş zibili atıb geri qayıtmalıdır".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək hərəkət məhdudiyyətləri tətbiq edilib.