Şimal rayonunda bənzərsiz Novruz coşqusu

04 Mart, 2020 16:33 | Sosial | Baxış sayı: 153

Qubada "Təmiz çərşənbə" layihəsinə start verilib

Qubada maraqlı bir layihəyə imza atılıb.

IstiPress-in şimal bürosunun məlumatına görə, rayon icra hakimiyyəti Asan Xidmət Mərkəzi, Regional İctimai İnkişaf Birliyinin Quba nümayəndəliyi, Quba Gənclərin Karyera və İnkişaf Mərkəzi , Quba Destinasiya Menecmenti Təşkilatı ilə birlikdə Novruz çərşənbələri ilə əlaqədar "Təmiz çərşənbə" layihəsinə start verib. İlk su çərşənbəsindən başlayaraq ərazilərdə həm çərşənbənin gəlişi qeyd edilib, həm də təmizlik aksiyası keçirilib.

Həmçinin kütləvi şəkildə Od çərşənbəsi qeyd olunub. Quba şəhərinin Dəvədabanı yaşayış massivində keçirilən Od çərşənbəsi şənliyində Quba İH başçısı Ziyəddin Əliyev könüllülərlə birlikdə çərşənbə tonqalını yandırıb. Rayon rəhbəri çıxışında hamını Od çərşənbəsi münasibətilə təbrik edərək sakinlərə Dəvədabanı massivində məktəb və uşaq bağçası tikiləcəyi mesajını çatdırıb.

Çərşənbə tonqalı ətrafında musiqiçilər yığışanlara xoş musiqi sovqatı çatdırıblar. İh başçısı Ziyəddin Əliyev gənc aksiya iştirakçıları ilə birlikdə həm iməcilikdə iştirak edib, həm də rəqs edib.

Martın 10-da Novruzun 3-cü-Yel çərşənbəsi də fərqli bir ərazidə -orijinal tərzdə keçiriləcək.