Dəhşətli rəqəm - 1000 adam öldü

04 Mart, 2019 11:14 | Sosial | Baxış sayı: 180
Xəstə uşaq
Xəstə uşaq

Qızılca dünyanı cənginə aldı

Dünyada sürətlə yayılan qızılca xəstəliyi can almaqda davam edir. Ancaq Madaqasqarda son 6 ayda minə yaxın insan bu xəstəlikdən dünyasını dəyişib. Onların böyük əksəriyyəti uşaqlardır. 

UNICEF-in açıqlamasına görə, 3 sentyabr-26 fevral aralığında 76 min 871 yoluxma halı qeydə alınıb. 928 nəfər aldıqları müalicələrə baxmayaraq dünyasını dəyişib. 

Qurumun başlatdığı peyvənd kampaniyası ilə 3,4 milyon uşaq vaksinasiya edilib. Martda daha 3,9 milyon uşağa peyvənd vurulması nəzərdə tutulub. 

Xatırladaq ki, qızılcanın əlamətləri yüksək hərarət, öskürək, burundan axıntı, gözlərdə qızarıqlıq ilə başlayır. daha sonra bədən qırmızı səpkilərlə örtülür. Qızılca qulaq infeksiyası, ishal, plevmaniya, beyin fuksiyalarının pozulması ilə yanaşı, ölümə də səbəb ola bilər. 

Azərbaycanda da xəstəliyə qarşı addımlar atılmasına start verilib. Səhiyyə naziri Oqtay Şirəliyev ölkədə qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin alovlanması və həmin ölkələrdən Azərbaycana gətirilmə halları qeydə alınıb.

Qabaqlayıcı tədbirlərlə xəstəliyin qarşısını almaq məqsədi ilə imzalanan əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.