Azərbaycanda bu xəstəliyin daşıyıcıları xeyli azalıb

04 Fevral, 2019 20:43 | Sosial | Baxış sayı: 129
Bioloji laboratoriya
Bioloji laboratoriya

"Onlar da sağlam insanlar kimi ailə qura, övlad sahibi ola bilirlər"

Ölkəmizdə 3500-ə yaxın talassemiyalı xəstə var və onlardan 1200-ü qan transfuziyasından asılı olanlardır. Son dörd ildir ki, nikaha daxil olan cütlüklər tibbi müayinədən keçirlər. Həmin müayinələr nəticəsində hər il təxminən 200-ə yaxın talassemiya xəstəsi qeydə alınırdı. Lakin son statistikaya görə, həmin rəqəm azalaraq 90-100 nəfərə düşüb. Bu, talassemiya xəstələrinin sayının xeyli dərəcədə azaldığını göstərir.

İstiPress AzərTac-a istinadən xəbər verir ki, bu sözləri Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.

“Talassemiya xəstələrinin sayının azalmasında maarifləndirici və profilaktik tədbirlərin də rolu var. Mərkəzimiz bununla əlaqədar olaraq mütəmadi tədbirlər keçirilir"

Valeh Hüseynov talassemiyadan ölüm hallarının qarşısının alınması üçün vaxtında müayinədən keçməyin və diaqnoz qoyulmasının vacibliyini diqqətə çatdırıb: “Əgər pasiyent vaxtında mərkəzə müraciət edərsə və xəstəlik aşkarlanarsa, o zaman lazımi tədbirlər görüləcək və daim nəzarətdə olacaq. Yaşı 50-dən çox olan talassemiya xəstələri var. Onlar da sağlam insanlar kimi ailə qura, övlad sahibi ola bilirlər. Ümumiyyətlə, talassemiyanı xəstəlik yox, yaşam tərzi kimi qəbul etmək lazımdır”.

V.Hüseynov mərkəzdə artıq bir neçə ildir sümük iliyi transplantasiyasının həyata keçirildiyini diqqətə çatdırıb. O, bildirib ki, bu günədək 75-dən çox sümük iliyi transplantasiyası icra olunub. İcraçı direktor gələcəkdə xəstələrin donor problemlərini həll etmək üçün tək qohumluq transplantasiyasının deyil, eyni zamanda, beynəlxalq donor registrlərinə qoşularaq ölkəmizdə sümük iliyi və donor bankının yaradılmasının planlaşdırıldığını deyib.