Şabranda əhali yolu bağlamaq istədi

04 Yanvar, 2019 12:05 | Sosial | Baxış sayı: 218
Yol tikintisi
Yol tikintisi

Onlar iritonnajlı maşınların yolları dağıtmasına etiraz ediblər

Şabranda Güləmli yaşayış məntəqəsinin bir qrup sakini bu gün səhər kənddaxili yolu bağalamağa cəhd ediblər. İstiPress-in Şimal bürosunun məlumatına görə, Şabran şəhər icra nümayəndəliyinə daxil olan yaşayış məntəqəsinin sakinləri ərazidə aparılan tikinti işlərinə material daşıyan və iş görən iritonnajlı avtomaşınların yolu dağıtmasına, yollarda yaranan iri çala-çuxurların hərəkət üçün çətinlik yaratmasına etiraz ediblər.

Dərhal yığışan sakinlərin yanına rayon icra hakimiyyəti, bələdiyyənin rəsmi nümayəndələri gedib, onlarla aparılan söhbətdən sonra yolu bağlamaq fikrindən daşınıblar.

Şabran icra hakimiyyətindən verilən məlumata görə, Güləmli yaşayış məntəqəsinin yaxınlığında Şabran şəhərinin kanalizasiya sistemi üçün təmizləyici qurğu tikilir. Bundan əlavə dəmyə torpaqların suvarılması üçün Samur-Abşeron kanalının yenilənməsi layihəsi çərçivəsində tikinti işləri aparılır. Bu inşaat işləri çərçivəsində kənddaxili asfalt yollar həqiqətən bərbad vəziyyətə düşüb.

Problemin aradan qaldırılması üçün tikinti təşkilatlarına bir daha xəbərdarlıq edilib və qısa vaxt ərzində  yolda bərpa işləri görülməsi nəzərdə tutulub.

Bu barədə sakinlərə də məlumat verilib.