Qubada ayını öldürüb, dərisini soyub, ətini tikələdilər FOTO

03 Noyabr, 2017 09:47 | Sosial | Baxış sayı: 532
Ayı dərisi
Ayı dərisi

Nazirlik işçilərini görən ovçular yüklərini ataraq qaçıblar

Azərbaycanda adı "Qırmızı kitab"a düşən ayını öldürdülər. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İstiPress-ə verilən məlumata görə, Quba rayonunda keçirilən reyd zamanı şöbənin əməkdaşları meşəlik ərazidə Cimi çayının sol tərəfində 3 nəfər atlının yüklü halda hərəkət etdiyini görərək onlarla danışmaq istəyiblər, lakin həmin şəxslər xurcunları və kisələri ataraq ərazidən uzaqlaşıblar.

Xurcun və kisələrin atıldığı əraziyə keçirilən baxış zamanı kisələrin içində adı “Qırmızı Kitabı”na düşmüş qonur ayının boğazından kəsilmiş başı üstündə olan dərisi, hissələrə bölünmüş əti, ov alətləri və bir qədər aralıda ov tulası aşkar edilib. Ovlanmış ayının dərisi, əti və ov alətləri maddi sübut kimi götürülüb. Faktla bağlı akt tərtib olunub.

İlkin araşdırmalara görə qanun pozucularının Quba rayonu Qonaqkənd sakinləri Fariz Rəhmanov, Aydın Nəsirov və Cimi kənd sakini Pirməhəmməd Nemətov olduğu müəyyən edilib.

Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.