Müəllim və valideynlərin ənənəvi səyyar qəbulu başlayır

03 Oktyabr, 2017 18:11 | Sosial | Baxış sayı: 66
Məktəblilər
Məktəblilər

İlk səyyar qəbul oktyabrın 6-da Pirallahı və Xəzər rayonları üzrə keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yeni tədris ilindən paytaxtın rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin ənənəvi səyyar qəbuluna başlayır.

BŞTİ-dən İstiPress-ə bildiriblər ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

İlk səyyar qəbul oktyabrın 6-da Pirallahı və Xəzər rayonları üzrə keçiriləcək. Bakının 168 nömrəli məktəbində təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlayacaq. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin əməkdaşlarından ibarətdir.

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər araşdırılaraq həll ediləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.