Azərbaycanda talassemiya xəstələri təhlükədə - Vacib su tapılmır

03 Oktyabr, 2017 17:21 | Sosial | Baxış sayı: 172
Laboratoriya
Laboratoriya

Səhiyyə Nazirliyi açıqlama verdi

Azərbaycanda talassemiya xəstələrinə vurulan desferal preparatını həll etmək üçün xüsusi su tapılmır.

Bu barədə məlumat sosial şəbəkələrdə tibb üzrə qruplarda paylaşılıb və ciddi müzakirə mövzusu olub. 

Məlumatlara görə, dərman Səhiyyə Nazirliyi tərəfindən gətirilsə də, onu həll etmək üçün xüsusi suyun olmaması problemlər yaradıb. 

Qeyd edək ki, talassemiyalı uşaqlar üçün bu iynə çox vacibdir, çünki ölümə səbəb olan bəzi proseslərin qarşısını alır. Lakin hazırda bu iynələri həll edən suyun ölkəyə gəlməməsi və ya az gəlməsi səbəbindən Talassemiya mərkəzində xəstələr əziyyət çəkir. 

Bir çox tibbi qruplarda özəl klinikalara müraciət olunaraq, "kokar”ın içindən çıxan suların yığılması xahişi yayılıb. Qeyd olunub ki, bu sular Desferal inyeksiyasının həll olunması üçün istifadə oluna bilər.

Səhiyyə Nazirliyinə bu məsələni həll etmək üçün müraciətlər olunub, problem qabardılıb. Lakin bu suya olan indiki tələbatı ödəmək üçün özəl klinikaların imkanlarından yararlanmaqdan başqa çıxış yolu olmadığı görünür. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada Talassemiya mərkəzinin ciddi diqqətdə saxlanıldığı  və preparatlarla tam təmin olunduğunu , bəzi hallarda həqiqətə uyğun olmayan informasiyaların yayıldığı bildirib: "Ola bilər 1-2 gün hansısa obyektiv səbəbdən hər hansı gecikmə olsun. Amma əminəm ki, orda həm inyeksiya, həm həlli üçün su var. Heç bir problem yoxdur”.//Medicina.az