Polis itkin 3 uşaq anasını evə qaytara bilməyib

03 Sentyabr, 2019 17:58 | Sosial | Baxış sayı: 255
İtkin qadın
İtkin qadın

80 manata ev kirayələyib orda yaşayırmış və çörək sexində işləyirmiş

İyulun 23-də heç kimə demədən evdən çıxan Siyəzənin Yenikənd sakini, 30 yaşlı Gülnar Xanbala qızı Həmzəliyeva Bakı şəhərində Siyəzən polis şöbəsinin əməliyyatçıları tərəfindən tapılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, polis şöbəsinə gətirilən qadın 3 uşağı ilə evdən qaçıb getməsinin səbəbini əri və qaynanası ilə yola getməməsi ilə izah edib.

Polisin araşdırması zamanı aydın olub ki, 12 yaşlı oğlu Rəşad, 9 yaşlı Rəvan və 6 yaşlı qızı Baharla evdən icazəsiz gedən Gülnar Həmzəliyeva Bakının Nizami rayonunda 80 manata ev kirayələyib orda yaşayırmış və çörək sexində işləyirmiş. Ailəsi onu çox axtarıb tapmadığından avqustun 16-da Siyəzən polisinə onun itkin düşməsi barədə rəsmi müraciət edibmiş.

Polis şöbəsinin axtarışları nəticəsində 3 uşağı ilə tapılıb şöbəyə gətirilən 30 yaşlı gəlin ailəsinə qayıtmaqdan imtina edib. O boşanacağını, müvəqqəti olaraq Yenikənd kəndində bacısıgildə qalacağını deyib.