Azərbaycanın ən unikal kəndi yolsuz qala bilər

03 İyun, 2018 17:09 | Sosial | Baxış sayı: 333
Xınalıq kəndi
Xınalıq kəndi

Son günlər intensiv yağan yağışlar Quba-Xınalıq yolunda da fəsadlara yol açıb.

İstiPress-in şimal bürosuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba şöbəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, yola yağışların fəsadı olaraq iri daş və qaya parçalarının düşməsi müşahidə olunur, dərhal problem aradan qaldırılır.

Onun sözlərinə görə, yolun 54-cü km-də son günlərdə sürüşmə təhlükəsi yaranıb. Bilal Sultanov məlumat verdi ki, Quba-Xınalıq yolunun 29, 36 və 37-ci km-liklərində Qudyalçayda bir neçə müddətdir ki, müşahidə olunan güclü sel yolu yuyub.

Əvvəlki illərdə də müşahidə olunan bu vəziyyət yolun bu hissəsində beton istinad divarlarları inşa edilməsini gündəmə gətirib. Amma mövcud vəziyyət yerində sayır. Yolun bu zolağında beton divarlar inşa olunmazsa, yolun güçlü sel nəticəsində tam yuyulub dağılması baş verə bilər. Məsələ ilə bağlı Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi məlumatlandırılıb.