Azərbaycanda qeyd edilən 3500 illik bayram

03 Aprel, 2018 17:51 | Sosial | Baxış sayı: 210
Qubada sinaqoq
Qubada sinaqoq

Bu gün Qubada dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbədə ənənəvi Pesax bayramı keçirilib.

Yəhudilərin bu milli bayramının tarixi 3500 il əvvələ gedib çıxır. Misir fironunun zülmündən xilas edilən yəhudilər 8 gün Tanrıya dua ediblər. Sonradan hər il baharın gəlişi ərəfəsində qeyd edilən Pesax dağ yəhudilərinin milli azadlıq bayramı kimi nəinki Azərbaycanda, İsraildə və yəhudilərin yaşadığı bütün ölkələrdə qeyd edilir.

Qubada da bu tarixi bayram hər il təntənə ilə keçirilir. Pesax bayramında sinaqoqda səhər və axşam müxtəlif dini ayinlər, ibadət edən  yəhudilərin ümumi bayram şənliyi rayon ictimaiyyəti ilə birgə keçirilib. Qırmızı Qəsəbənin Heydər Əliyev Parkında reallaşan Pesax şənliyində Quba icra başçısı Ziyəddin Əliyev Qubanın zəngin etnik tərkibi olduğunu deyərək yəhudilərin də rayonda bütün millətlərin nümayəndələrilə mehriban dostluq şəraitində yaşadıqlarından söz açıb.

Ziyəddin Əliyev dağ yəhudilərinin Qubada 18-ci əsrin ortalarında Quba xanı Fətəli xanın göstərişilə köçürüldüklərini xatırladaraq rayonda onların dilinin, mədəniyyətinin inkişafı üçün həmişə normal şərait olduğunu deyib.

Şənlikdə çıxış edən yerli dindarlar da Pesaxın yaranma tarixindən ətraflı danışıblar. Şənlik bayram konsertilə davam edib.