Prezident: “Gələn il sürətli iqtisadi inkişaf ili olacaq” - YENİLƏNİB, FOTOLAR

02 Oktyabr, 2017 13:51 | Sosial | Baxış sayı: 525
Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə
Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə

Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

“Gələn il sürətli iqtisadi inkişaf ili olacaq”.

Bunu prezident İlham ƏliyevQobustan şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, iqtisadi sahədə əldə edilən nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır: “Yəqin ki, siz eşitmişiniz, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük. Bu da çox böyük nəticədir. Onu da qeyd etməliyəm ki, MDB məkanında biz birinci yerdəyik. Artıq neçə ildir ki, liderliyi saxlayırıq və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq. Nəzərə alsaq ki, keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaranmışdır, buna baxmayaraq, görün, biz nə qədər uğurla iş aparmışıq, nə qədər ciddi islahatlar həyata keçirmişik ki, bunu dünyanın birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir. Onu da qeyd etməliyəm ki, bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq. Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk.

Bu gün Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkələrdəndir. İndi siz dünyada gedən prosesləri izləyirsiniz. Həm iqtisadi, həm siyasi, həm hərbi sahədə bir çox yerlərdə çox böyük problemlər var. Risklər, təhdidlər artır, qan tökülür, münaqişələr, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik – bax, bu amillər uğurlarımızın əsasını təşkil edir”.

saat 13:24

Azərbaycan prezidenti İlham Əliyev Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Şəhərdə 8,9 kilometr uzunluğunda magistral su kəməri, 134 kilometrlik içməli su şəbəkəsi yaradılıb.

Layihəyə uyğun olaraq Şamaxı şəhərində 130 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin və baxış quyularının inşası yekunlaşıb.

Prezident İlham Əliyev Şamaxı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

saat 13:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib.

İstiPress verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.

Bildirilib ki, bu avtomobil yolunun tikintisi Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında 53 kilometr uzunluğunda yeni avtomobil yolu əlaqəsi yaradacaq. Bu da indi istifadə edilən hərəkət marşrutları ilə müqayisədə orta hesabla 120-180 kilometr az məsafə qət etməyə, yanacağa və vaxta qənaət etməyə imkan verəcək.

Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Daha sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

saat 12:26

Prezident Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Qranata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub.

Şamaxıda da son illər təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir. Artıq üzüm bağlarının sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektarı məhsul verir. Mütəxəssislər cari mövsümdə rayonda 14 min tondan çox üzüm istehsal olunacağını proqnozlaşdırırlar.

“Az-Qranata” MMC də Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb. Beş ildir ki, məhsul istehsal olunur. 2016-cı ildə “Az-Qranata”nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib. Dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Qeyd edildi ki, üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Texniki növlərdən “Şardane”, “Cabarne”, “Cabarne Frans”, süfrə növlərindən “Prima”, “Cardinal”, “Sultaniye”, “Alfonz Lavalle”, “Danuta” və s. kimi növləri misal göstərmək olar. 2016-2017-ci məhsul ilində “Superrior Seedeless”, “Crimson Seedles”, “Red Globe” kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Kişmiş və əla şərab üzümü olan “Mədrəsə” kimi yerli növlər də bağda yetişdirilərək məhsul istehsalı ildən-ilə artırılır.

Cari ildə texniki üzümün hektar üzrə məhsuldarlığı 7-8 ton, süfrə üzümünün məhsuldarlığı isə 15 ton olub. Növbəti ilə hədəf texniki üzümdə 10-11 ton, süfrə üzümündə isə 17-18 tondur. 2015-ci ildə süfrə üzümü bağında ən müasir suvarma sistemi qurulub. Texniki üzüm isə dəmyə şəraitində yetişdirilir. Hazırda “Az-Qranata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır.

Bildirildi ki, təsərrüfatda istehsal edilən üzüm sortları Bakı şəhərində fəaliyyət göstərən “Meyvəli” ticarət mərkəzində və 8-ci Kilometr bazarında topdansatış qaydada satılır. Texniki sortlar isə “Az-Qranata” MMC-nin nəzdində fəaliyyət göstərən şərab emalı zavoduna təhvil verilir. 

Saat 11:53

Prezident Şamaxıya səfər edib. İ.Əliyev Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib. 

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezidentə məlumat verib. 

Rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

Saat 10:50

Qobustanda səfərdə olan prezident yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib. Qobustan şəhər uşaq bağçası üçün binanın tikintisinə 2014-cü ilin martında başlanılıb. Burada inşaat işləri 2017-ci ilin avqustunda başa çatdırılıb.

Ümumi sahəsi 826 kvadratmetr olan uşaq bağçasının binası 2 mərtəbəlidir. Burada 4 tədris və 4 yataq otağı var. Otaqların hamısı zəruri avadanlıq, o cümlədən yumşaq və bərk inventar, əyani vəsaitlərlə təchiz olunub. Bundan başqa, binada həmçinin oyun zalı, 2 kompüter otağı, həkim otağı, mətbəx də var.

Uşaq bağçasının həyətində abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.

Saat 10:37

Prezident İlham Əliyev Qobustana səfər edib. İstiPress-in məlumatına görə, dövlət başçısı rayona səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verdi. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi layihəyə uyğun olaraq dörd zolağa genişləndirilib. Yolun ümumi uzunluğu 46 kilometr, eni isə 27,5 metrdir. Yol birinci texniki dərəcəyə aiddir. Layihə çərçivəsində yolboyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Bu isə həm avtomobillərin hərəkətinin normal tənzimlənməsində, həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Layihəyə əsasən yolboyu Ceyrankeçməz çayı üzərində uzunluğu 47,5, ümumi eni isə 30 metr olan körpü də inşa olunub.

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində müasir, təhlükəsiz yol infrastrukturu yaranıb. Bundan başqa, bu layihənin həyata keçirilməsi həm də turizmin və regionların sosial-iqtisadi inkişafına töhfə verəcək, yol istismar və nəqliyyat xərclərinin azaldılması, vaxta qənaətin əldə edilməsi hesabına Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarının və ümumilikdə, respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.

Dövlətn başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. 

Bakı-Şamaxı yolu
Bakı-Şamaxı yolu