Azərbaycanda 5 gənc imtahansız universitetə girməkdən imtina etdi

02 Avqust, 2019 08:45 | Sosial | Baxış sayı: 116
İmtahan
İmtahan

Onlar müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd ediblər

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olunan abituriyentlər haqqında statistikalar açıqlanıb.  Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2019/2020-ci tədris ilində 3 nəfər incəsənət sahəsi üzrə, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan "Internatıonal Baccalaureate" təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub. 

Müsabiqədənkənar qəbul olunan abituriyentlər dövlət sifarişi əsasında təhsil alacaqlar.

1 nəfər "Internatıonal Baccalaureate" təhsil proqramı məzunu isə ADA Universiteti "Beynəlxalq münasibətlər" ixtisasına (təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir) qəbul olunub.

5 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən, 12 nəfər "Kompüter elmləri", 5 nəfər "Kompüter mühəndisliyi", 3 nəfər "İnformasiya texnologiyaları", 22 nəfər "İqtisadiyyat", 21 nəfər "Beynəlxalq münasibətlər", 36 nəfər "Biznesin idarəolunması", 5 nəfər isə "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə ADA Universitetinə qəbul olub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.