Şimalda polis aksiyası

02 İyul, 2018 17:59 | Sosial | Baxış sayı: 268

Həlak olan polis əməkdaşları da yad edilib

Bu gün onların günüdür. 365 günün əlamətdar bir tarixi də -2 iyul günü Azərbaycan polisinin günüdür.

İstiPress-in şimal bürosunun məlumatına görə, yaranmasının 100 illiyi qeyd edilən Azərbaycan polisinin bir tərkib hissəsi olan Qusar rayon polis şöbəsi öz peşə bayramını xüsusi təmtəraqla qeyd eləyib.

Əvvəlcə  Heydər Əliyevin Qusar şəhərindəki abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub. Qusar polisinin peşə bayramı rayon mədəniyyət mərkəzində davam etdirilib.Azərbaycanın Dövlət Himni  səslənib. Qusar ih başçısı Şair Alxasov polisin cəmiyyətdəki rolundan, ölkədə ictimai asayişin qorunmasında, sabitliyin qorunmasında, digər güç strukturları kimi, polisin də misilsiz xidmətlərindən danışıb. İcra başçısı "bəziləri polisi sevmir, onları başa düşmür",- deyərək bildirib ki, "həmin adamlar da  başa düşmür ki, polis ictimai asayişi qoruyur, onlar xidməti vəzifələrini yerinə yetirirlər və onların əməyini qiymətləndirmək lazımdır".

Qusar polis şöbəsinin rəisi Zaur Bədəlov Azərbaycan polisinin keçdiyi şərəfli həyat yolu barədə məruzə edib. Rəis qeyd edib ki, yaranmasından bir əsr keçən Azərbaycan polisi bütün dövrlərdə dövlətin bir dayağı olub, bütün hadisə və iğtişaşlarda sabitliyin qarantı olub. 1990-1995-ci illərdə ölkənin çətin günlərində, xüsusən Qarabağ savaşında 931 nəfər şəhid verdiyini söyləyən polis rəisi onlardan 67 nəfər polis əməkdaşının Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü deyib. Zaur Bədəlov sərhədyanı zonada yerləşən Qusar rayonunun polis ordusunun, şəxsi heyətinin prezident İlham Əliyevin rəhbərliyi altında daxili işlər naziri Ramil Usubovun bütün əmr və tapşırıqlarını həmişə yerinə yetirməyə bazır olduğunu diqqətə çatdırıb.

Tədbirdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları da yad edilib. 2013-cü il oktyabr ayının 16-da cinayətkar qrupla silahlı insident zamanı həlak olan, Qusar rayon polis şöbəsinin baş əməliyyat müvəkkili işləmiş Qalib Quliyevin ailəsi də dəvət olunub. Polis rəisi Zaur Bədəlov məlumat verib ki, mərhum Qalibin oğlu Elvin Quliyev bu il qəbul imtahanının 1-ci mərhələsində 640 bal toplayıb, 2-ci mərhələdə də yüksək göztərici göstərməyə söz verib. Polis şöbəsi adından tələbə adı qazanan Elvin Quliyevə pul mükafatı verilib.

Silahlı cinayətkar dəstəni zərərsizləşdirərkən həlak olan Qalib Quliyevin həyat yoldaşı Tünzalə Quliyeva  İstiPress vasitəsilə   Qalibi unutmadıqlarına görə polis şöbəsinin rəhbərliyinə təşəkkür edib.

Xidmətdə fərqlənən polis əməkdaşları rayon icra hakiniyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Sonra polis şöbəsinin rəhbərliyi və şəxsi heyət iyunun 26-sı - Milli Ordu günündə açılışı olmuş Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun barelyefini ziyarət edib, əklil və gül dəstələri ilə onun xatirəsini anıblar. Pəis Zaur Bədəlov 1991-ci il sentyabr ayının 25-də Əsgəranda şəhid olmuş, Qusar polis şöbəsinin sahə müvəkkili işləmiş Sərdar Səfərovun mənalı ömür yolunun gənc polis əməkdaşlarına bir örnək olduğunu deyib.